Şəkidə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Şəki, 20 yanvar (AZƏRTAC). Müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda, xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümü Şəkidə də silsilə tədbirlərlə geniş qeyd olunmuşdur.
Tədbirlər planına uyğun olaraq hüzn günü ərəfəsində rayonun ümumtəhsil məktəblərində inşa yazı, şeir və rəsm müsabiqələri keçirilmiş, yanvarın 19-da bütün təhsil müəssisələrində ilk dərslər “Qanlı Yanvar” mövzusuna həsr olunmuşdur. Faciənin ildönümü ilə əlaqədar ali və orta ixtisas məktəblərində, mədəniyyət evləri və kitabxanalarda elmi konfranslar, tematik gecələr, şəhid ailə üzvləri ilə görüşlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Bundan əlavə, rayonun idman qurğularında şəhidlərin xatirəsinə həsr olunmuş idman yarışları keçirilmiş, yerlərdə şəhid ailələrinə maddi yardım göstərilmiş, məscidlərdə şəhidlərin ruhuna dualar oxunmuşdur.
AZƏRTAC xəbər verir ki, 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 20-də Şəki şəhərindəki “Şəhidlər xiyabanı”nda ictimaiyyət nümayəndələrinin, ziyalıların, müharibə və əmək veteranlarının iştirakı ilə ümumşəhər toplantısı keçirilmişdir.
Tədbiri şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova açaraq, Azərbaycan tarixinə “Qanlı Yanvar” faciəsi kimi daxil olmuş 20 Yanvarın xalqımızın qəhrəmanlıq salnaməsi, fəxarət və şərəf günü olduğunu diqqətə çatdırmış, həmin faciəli günlərdə öz xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını bildirmişdir.
Tədbirdə Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Məmmədnuru Əzizov, istefada olan zabit Rasim Səlimov və başqaları çıxış edərək şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində dövlətimizin başçısı tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, bu qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.