ŞƏKİDƏ BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜ GENİŞ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, martın 5-də Şəki Turizm İnformasiya Mərkəzində Bədən Tərbiyəsi və İdman günü münasibətilə bayram tədbiri keçirilmişdir.
Tədbirdə şəhər rəhbərliyi, idman ictimaiyyətinin nümayəndələri, tanınmış idmançılar iştirak etmişlər.
Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsini dövlətin bu sahənin inkişafına diqqət və qayğısının daha bir bariz nümunəsi olduğunu bildirmiş, rayon idmançılarının 2007-ci ildə respublika və beynəlxalq səviyyəli yarışlarda əldə etdikləri uğurlar barədə danışmışdır.
İdman ictimaiyyətini əlamətdar gün münasibətilə təbrik edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən yüksək dövlət qayğısından danışmışdır. 2007-ci ildə Şəkidə şahmat, stolüstü tennis və digər idman növləri üzrə respublika və beynəlxalq səviyyəli yarışların, atüstü milli oyunların keçirildiyini xatırladan Z.Cavadova, Şəki idmançılarına gələcək yarışlarda daha böyük uğurlar əldə etməyi, dünyanın ən möhtəşəm idman salonlarında Azərbaycan bayrağını daha uca zirvələrə qaldırmağı arzulamışdır.
Görüşün sonunda rayonun idman həyatında əldə etdiyi nailiyyətlərə görə 37 idmançı və idman mütəxəssisi şəhər icra hakimiyyətinin, şəhər bələdiyyəsi, gənclər və idman idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.