Şəkidə əhalinin tibbi ləvazimatlara olan tələbatının ödənilməsi üçün zəruri tədbirlər görülür
Şəki, 4 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə sakinlərin tibbi ləvazimatlara olan tələbatının ödənilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əhalinin qoruyucu maskalara olan ehtiyacını nəzərə alaraq, şəhər icra hakimiyyətinin rəhbərliyi maskaların fərdi şəkildə hazırlanması təşəbbüsünü irəli sürüb. Şəhərdə dərzi fəaliyyəti ilə məşğul olan bəzi şəxslər bu təşəbbüsə həvəslə qoşulublar. Bu məqsədlə onlar üçün lazımi şərait yaradılıb. Pambıq parçadan tam steril şəraitdə tikilən maskalar daha çox ehtiyacı olan sahələrə və şəxslərə paylanılır. Qoruyucu maskaların paylanmasında könüllülər də yaxından iştirak edirlər.
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə şəhər icra hakimiyyəti yanında yaradılan operativ qərargahın rəhbərliyi və nəzarəti ilə Şəki şəhərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər, həmçinin maarifləndirmə işləri də davam etdirilir. Belə ki, rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilatların inzibati və çoxmənzilli yaşayış binalarında, dayanacaqlarda, küçə və prospektlərin səkilərində dezinfeksiya işləri gündəlik davam etdirilir. Şəhərin mərkəzi küçə və prospektləri xüsusi texnika vasitəsi ilə mütəmadi dezinfeksiya olunur.