REGİONLAR
Şəkidə qəhvəyi mərmər bağacığına qarşı kompleks mübarizə tədbirləri davam etdirilir
Şəki, 9 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonu ərazisində kənd təsərrüfatı üçün təhlükəli zərərverici hesab edilən qəhvəyi mərmər bağacığının aşkar edilməsi və yayılma təhlükəsinin aradan qaldırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki rayon Mərkəzi tərəfindən kompleks mübarizə tədbirləri davam etdirilir.
Şəki rayon Mərkəzinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, qəhvəyi mərmər bağacığına qarşı preventiv mübarizə məqsədilə son dövrlər Qax rayonu ilə həmsərhəd ərazilərdə və magistral yol ətrafı məntəqələrdə 120 ədəd feremon tələ asılıb. İndiyədək həmin tələlərdə 48 dəfə monitorinq həyata keçirilib və zərərli obyekt aşkar edilməyib. Monitorinqlər hər həftə davam etdirilir.
Qurumun rəsmisinin verdiyi məlumata görə, son bir ayda mərkəzin mütəxəssisləri tərəfindən rayonun “Aqroinkişaf-2017” MMC-nin qoz və badam bağlarında, həmçinin bağətrafı sahələrdə də, ümumilikdə, 2240 hektarda fitosanitar müşahidələr aparılıb. Müşahidələr nəticəsində 1240 hektarda zərərvericilərin işlək yuvalarının sayının iqtisadi zərərvermə həddindən yuxarı olduğu müəyyən edilib. Həmin sahələrdə büdcə vəsaiti hesabına 200 hektarda sink-fosfid preparatı ilə mübarizə aparılıb.
Eyni zamanda, rayonun üzüm bağlarında fermerlərin vəsaiti hesabına 87,6 hektar sahədə xəstəliklərə qarşı kimyəvi mübarizə tədbirləri də həyata keçirilib. Kimyəvi mübarizədə əsasən mefenoxam, mancozeb, kükürd, penconazol, flutriafol, propiconazol və digər tərkibli preparatlardan istifadə edilib.
Mərkəzin rəisi bildirib ki, səpin mövsümünün yaxınlaşması ilə əlaqədar hazırda fermerlər tərəfindən taxıl toxumları təmizlənir, kondinsiyaya çatdırılır və geniş spekterli insekto-fungisidlərlə dərmanlanır. İndiyədək fermerlər tərəfindən 210 ton toxum dərmanlanıb və proses davam etdirilir.