Seneqallı nazir: Azərbaycanla Seneqal arasında əməkdaşlıqda yeni istiqamət formalaşıb
Bakı, 3 iyun, AZƏRTAC
Biz şadıq ki, Azərbaycanın "ASAN xidmət" modelini öyrənib onunla yaxından tanış olacağıq. Çalışırıq ki, Azərbaycanda olmağımızdan ən yaxşı şəkildə faydalanaq. Bildirməliyəm ki, yaxın keçmişdə Seneqalda bu sahədə müəyyən boşluqlar yaranmışdı. Biz çox səylər göstərməli olduq ki, bugünkü təşəbbüsümüz həyata keçirilsin. Artıq dövlət xidməti üçün yeni istiqamətlər formalaşdırmışıq.
AZƏRTAC xəbər verir ki, bunu Seneqal Respublikasının dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri Olivye Bukal Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Seneqal Respublikasının Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında anlaşma memorandumunun imzalanması mərasimində çıxış edərkən deyib.
Seneqallı nazir bu məqsədlərə çatmaq üçün inzibati və administrativ xidmətlərin modernləşdirilməsinə üstünlük verilməli olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bunu həyata keçirmək dövlət və vətəndaş arasında inamın formalaşdırılması ilə nəticələnəcək: "Bununla bağlı axtarışda olarkən gördük ki, belə asan model var və bu, bizim üçün ilham mənbəyi ola bilər. Çalışacağıq ki, işçi qrupu formalaşdıraq və memorandumda qeyd edilən bəndləri həyata keçirək. Bu gün Azərbaycanın Dövlət Agentliyi ilə anlaşma memorandumun imzalanması bizim üçün şərəf və qürur hissidir. Artıq Azərbaycanla Seneqal arasında əməkdaşlıqda yeni istiqamət formalaşıb. Bu memorandum əməkdaşlığımızın güclənməsinə töhfə verəcək. Ümid edirəm ki, bizim əməkdaşlığımız yalnız memorandumda qeyd edilənlərlə kifayətlənməyəcək. Başqa sahələrdə də əməkdaşlıq edəcəyik. Çünki bizim Şərq ölkələrindən öyrənəcəyimiz çox şey var. Biz çalışacağıq ki, deyilənləri reallaşdıraq", - deyə seneqallı nazir bildirib.