Sənətdə simvolikanın gücü: Azərbaycan xalça sənəti vizual mətn kimi
Bakı, 14 yanvar, AZƏRTAC
Sənət bəşər tarixinin ən qədim və ən təsirli ifadə formalarından biri olaraq yalnız estetik istehsal sahəsi deyil, eyni zamanda, düşüncənin, inancın və duyğuların simvollar vasitəsilə ötürüldüyü güclü bir ünsiyyət dilidir. İnsan qədim dövrlərdən etibarən ətraf aləmi, qorxularını, ümidlərini və müqəddəs saydığı dəyərləri simvolik formalarla ifadə edib. Bu baxımdan simvol (rəmz) sənətin əsas təməl daşlarından biri kimi çıxış edir. Bir sənət əsərində istifadə olunan fiqurlar, rənglər, obyektlər və məkanlar çox zaman birbaşa mənalarından kənara çıxaraq tamaşaçını çoxqatlı və dərin anlam dünyasına dəvət edir.
Bu fikirləri Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Hüseynova AZƏRTAC-ın əməkdaşı ilə söhbətində deyib.
Rəssam bildirib ki, sənətdə simvol anlayışının mahiyyəti, tarixi proses ərzində formalaşması və müxtəlif dövrlərdə qazandığı mənalar araşdırılır. Eyni zamanda, müasir sənətdə simvolik ifadə dilinin necə dəyişdiyi və inkişaf etdiyi nəzərdən keçirilir.
“Simvol özündən fərqli bir anlayışı, düşüncəni təmsil edən vizual və ya mənadaşıyıcı işarədir. Sənətdə simvollar abstrakt anlayışların konkret formalara çevrilməsinə imkan yaradır. Sevgi, ölüm, güc, inanc, zaman kimi anlayışlar birbaşa görünən deyil, lakin sənətçi bu anlayışları simvollar vasitəsilə görünən və hiss edilən hala gətirir. Məsələn, göyərçin sülhü, zəncir əsarəti, güzgü isə insanın öz daxili aləmi ilə üzləşməsini simvolizə edir, - deyə müsahibimiz vurğulayıb.
Onun fikrincə, sənətdə simvolikanın ən güclü və davamlı təzahür etdiyi sahələrdən biri Azərbaycan xalça sənətidir: “Azərbaycan xalçaları yalnız məişət əşyası deyil, tarix, mifologiya, inanc və kollektiv yaddaşı daşıyan vizual mətnlərdir. Hər bir naxış, rəng və kompozisiya elementi müəyyən simvolik məna ifadə edir.
Xalçalarda tez-tez rast gəlinən qoçbuynuzu motivi güc, bərəkət və məhsuldarlığı, buta isə həyat enerjisini, davamlılığı və alov kultunu simvolizə edir. Ulduz, xaçvari və həndəsi elementlər kainatın nizamını, dörd ünsürü və kosmik tarazlığı ifadə edir. Rənglər də dərin simvolik məna daşıyır: qırmızı həyat və enerji, mavi səma və ilahi harmoniya, yaşıl isə təbiət və yenilənmə rəmzidir.
Azərbaycan xalçalarında mərkəzi göl və ya medalyon anlayışı kainatın mərkəzi, müqəddəs məkan və daxili tarazlıq ideyası ilə əlaqələndirilir. Xalçalar, eyni zamanda, qoruyucu funksiya daşıyaraq ev məkanını mənəvi baxımdan gücləndirən simvolik qalxan rolunu oynayır”.
Rəssam hesab edir ki, sənətdə simvolika insanın görünməyəni görünən etmə cəhdinin vizual ifadəsidir: “Azərbaycan xalça sənəti isə bu simvolik dilin nəsildən-nəslə ötürülən, canlı və davamlı nümunəsidir. Xalçalardakı naxış və rənglər estetik dəyərdən daha çox mədəni kimliyin, tarixi yaddaşın və mifoloji düşüncənin daşıyıcısıdır. Bu baxımdan Azərbaycan xalçaları sənətdə simvolikanın maddiləşmiş, dərinmənalı və zamansız ifadə forması kimi xüsusi əhəmiyyət kəsb edir”.