“Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyasına start verilib
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü və təşkilatçılığı ilə respublikamızın qərb bölgəsində “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında orduya mənəvi dəstək aksiyasına start verilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovun rəhbərliyi ilə professor-müəllim və tələbələrdən ibarət ilk aksiya qrupu iki gün cəbhəboyu bölgədə olub.
Aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, qarşısına güllər düzüblər. Onlar hərbi hissədə Heydər Əliyev Mərkəzi, eləcə də hərbi qulluqçular üçün yaradılmış yüksək xidmət şəraiti ilə tanış olublar.
Əsgər klubunda Azərbaycan ordusuna dəstək aksiyasının açılışına həsr olunmuş mərasimdə Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərdən geniş söhbət açıb.
Tədbirdə UNEC-in təşəbbüsü yüksək qiymətləndirilib.
Rektor Ədalət Muradov UNEC-in kollektivi adından şəxsi heyəti 28 May - Respublika Günü və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, hər bir döyüşçüyə Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etməyi arzulayıb.
Tədbirdə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” adlı konsert proqramı təqdim edilib. Konsert proqramında UNEC-in bədii özfəaliyyət kollektivi də iştirak edib. Açılış mərasimi “Biz gəlirik, Qarabağ” ədəbi-bədii kompozisiyası ilə başa çatıb.
Aksiyanın ikinci günü cəbhəyanı bölgədə silsilə tədbirlər keçirilib. Döyüşçülərə UNEC-in professor-müəllim və tələbə heyətinin Azərbaycan əsgərinə müraciəti dərc olunmuş kitabçalar təqdim edilib. Əsgərlərlə səmimi söhbət aparılıb, onların sualları cavablandırılıb.
UNEC-in təşəbbüsü ilə keçirilən aksiya 26 iyun - Silahlı Qüvvələr Gününədək birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də universitetdə davam etdiriləcək.