Serbiyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü ilə Qanlı Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, KİV və müsəlman icmasının nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olmuş, şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Çıxış edənlər faciə zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırlatmış, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağına əminlik ifadə etmişlər.
Tədbirdə 1990-cı il yanvarın 20-də Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi, öz qəddarlığı ilə seçilən təcavüzdən söhbət açılmışdır. Natiqlər konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləbaran edilməsindən danışmışlar. Qeyd edilmişdir ki, faciə zamanı 130-dan artıq insan qətlə yetirilmiş və 700-dən artıq insan müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyi xüsusi vurğulanmış, faciəyə məhz ulu öndərimizin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymətin verildiyi bildirilmişdir.
Sonra mərasim iştirakçıları “Azadlığa aparan yol” sənədli filminə baxmışlar.
Səfirlik tərəfindən hazırlanmış 20 Yanvar faciəsinin səbəb və nəticələrini özündə əks etdirən mətbuat üçün məlumat xarici ölkələrin Belqraddakı səfirlikləri, beynəlxalq təşkilatların nümayəndəlikləri, Serbiyanın dövlət strukturları və qeyri-hökumət təşkilatlarına göndərilmişdir.