Serbiyada Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir
Bakı, 23 fevral (AZƏRTAC). Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü ilə Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, Serbiya ictimaiyyətinin, KİV-lərin və müsəlman icmasının nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi ilə tanış olmuşlar.
Səfirliyin müşaviri Qabil Köçərli Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu bildirmiş, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən, dünyada misli görünməmiş vəhşilik və qəddarlıqdan danışmışdır. Q.Köçərli bu soyqırımı aktının Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirmiş, Xocalı faciəsi qurbanlarının xatirəsinin hər il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində anıldığını qeyd etmişdir.
Diplomat keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə erməni silahlı dəstələrinin Xocalı sakinlərinə qarşı törətdikləri misli görünməmiş vəhşiliklərdən danışmışdır. Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə şəhəri tərk etməyə çalışan soydaşlarımızın 613 nəfəri xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Öldürülənlərin 63 nəfərinin uşaq, 106 nəfərinin qadın, 70 nəfərinin yaşlı insanlar olduğu, 1275 xocalılının girov götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. Q.Köçərli, həmçinin İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyası barədə də tədbir iştirakçılarını məlumatlandırmışdır. Q.Köçərli ww.justiceforkhojaly.orginternet səhifəsinin Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasəti ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırılmasında əvəzsiz rolundan da danışmışdır.
Sonra tədbir iştirakçılarına soyqırımın 20-ci ildönümü ilə bağlı Xocalı əhalisi və Azərbaycanda yaşayan dini icmaların rəhbərləri tərəfindən dünya xalqlarına, parlamentlərə BMT, ATƏT və başqa beynəlxalq təşkilatlara ünvanlanmış müraciətlər barədə məlumat verilmişdir.
Tədbirdə faciənin dəhşətlərini əks etdirən “Xocalı soyqırımı” adlı sənədli film nümayiş etdirilmişdir.
Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri professor Zərifə Əlizadə, Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının üzvləri, Serbiyada yaşayan və təhsil alan azərbaycanlı tələbələr Xocalı faciəsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bölüşmüşlər. Erməni quldur dəstələrinin törətdikləri vəhşiliklər, Ermənistan dövlətinin ölkəmizə və xalqımıza qarşı yürütdüyü etnik təmizləmə siyasəti ciddi şəkildə pislənilmişdir. Natiqlər Xocalı soyqırımını insanlığa sığmayan hərəkət kimi dəyərləndirərək, bu aktı törədənlərin cəzalandırılmasının vacibliyini bildirmişlər.
Sonda tədbir iştirakçılarına faciə ilə bağlı materiallar paylanmışdır.