Serbiyanın “Danas” qəzetində “Azərbaycan Qələbənin birinci ildönümünü qeyd edir” başlıqlı məqalə dərc olunub
Belqrad, 8 noyabr, AZƏRTAC
Serbiyanın nüfuzlu “Danas” qəzetinin 8 noyabr nömrəsində “Azərbaycan Qələbənin birinci ildönümünü qeyd edir” başlıqlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə noyabrın 8-də Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsinin birinci ildönümünün qeyd olunduğu vurğulanır. Bildirilir ki, bu Zəfər nəticəsində Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimiz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və igid əsgərlərimizin qəhrəmanlığı nəticəsində azad edilib.
Ermənilərin 1990-cı illərdə Azərbaycana təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal edildiyi, minlərlə insanın qətlə yetirildiyi və bir milyondan çoxunun qaçqın və məcburi köçkünə çevrildiyi vurğulanır. Qeyd olunur ki, ötən dövrdə bütün mötəbər beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edib.
Məqalədə döyüş əməliyyatlarının növbəti dəfə başlamasının səbəbləri də açıqlanır. Bildirilir ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, mülki insanların sıx şəkildə yaşadığı yerləri intensiv şəkildə atəşə tutması nəticəsində mülki əhali və hərbi qulluqçular həlak olub və yaralanıb, çoxsaylı mülki obyektlərə ciddi ziyan dəyib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təxribatının qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirib.
Yazıda qeyd edilir ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı üçtərəfli Bəyanatla Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzünə son qoyulub.
Məqalədə 30 illik işğaldan sonra azad edilən ərazilərdə nəhəng bərpa və yenidənqurma işlərinin başlandığı, regionun inkişafı üçün real imkanlar yarandığı barədə də məlumat verilir. Azərbaycanın yeni və perspektivli reallıqlardan faydalanaraq tərəfdaşları ilə birlikdə azad edilmiş ərazilərdə artıq böyük bərpa işlərinə başladığı vurğulanır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad