ELM VƏ TƏHSİL
Şərqşünas-alim Özbəkistanda keçirilən beynəlxalq konfransda məruzə edib


Bakı, 17 fevral, AZƏRTAC
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri dosent Namiq Məmmədov Özbəkistanın Daşkənd şəhərində təşkil olunan Türk Dünyası Gənc Tədqiqatçılar Konfransına onlayn qoşulub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şərqşünas-alim konfransda “2002-2015-ci illərdə Türkiyədə hakimiyyət çevrilişi cəhdləri və onların nəticələri” mövzusunda məruzə edib.
Məruzədə 2002-ci ildə Türkiyədə Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldikdən sonra onun hakimiyyətini devirmək istiqamətində həyata keçirilmiş çevriliş cəhdləri – Ergenekon, Balyoz, Gəzi Parkı hadisələri, Paralel dövlət təşkilatlanması və onların nəticələri araşdırılıb.
Qeyd edilib ki, sözügedən proseslər nəticəsində bir tərəfdən Türkiyədə Ədalət və İnkişaf Partiyasının hakimiyyəti möhkəmləndirilib, ordunun dövlət işlərinə müdaxiləsinin qarşısı alınaraq hakimiyyətə tabe edilib, eyni zamanda, bütün bunlar Paralel dövlət təşkilatlanmasının da hakimiyyətdə möhkəmlənməsinə şərait yaradıb, lakin sonda onların bütün planları ifşa olunub.