CƏMİYYƏT
Sərsəng su anbarındakı sudan istifadənin qarşısını almaq Azərbaycan təbiətinin məhvi deməkdir - ŞƏRH
Bakı, 1 sentyabr, AZƏRTAC
“Sərsəng su anbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar bəyanat verən qeyri-hökumət təşkilatları siyahısında “Sosial İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi də var. Biz ekologiya sahəsində fəaliyyət göstərən təşkilat olaraq, Ermənistana sosial- iqtisadi və ekologiyaya vurduğu ziyanla bağlı dəfələrlə müraciət etmişik. Lakin Ermənistan heç vaxt Sərsəng su anbarı ilə əlaqədar çağırışlara məhəl qoymayıb və öz qanunsuz fəaliyyətini davam etdirib”. Bunu AZƏRTAC-a müsahibəsində “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Rahilə Mehdiyeva deyib.
Ekspert hesab edir ki, Sərsəng su anbarının Ermənistan və onun himayə etdiyi qanunsuz rejimin tör-töküntüləri tərəfindən qəsdən Azərbaycan əhalisinə qarşı ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunması baxımdan verilən bəyanat yerində atılmış addımdır: “Anbarın suyu qış vaxtı ərazinin mövsümü ehtiyacları nəzərə alınmadan əhalisi azərbaycanlılardan ibarət olan kəndlərə buraxılıb və nəticədə yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri və kommunikasiya xətləri qışda su altında qalıb. İsti yay mövsümündə isə su buraxılmayıb, bu da kəskin su qıtlığı, əkin sahələrinin suvarılmasında problemlər yaradıb, yaşıllıqlar quruyaraq məhv olub. Sərsəng su anbarındakı sudan istifadənin qarşısını almaq Azərbaycan təbiətinin məhvi deməkdir. Beynəlxalq təşkilatlar ermənilərin Azərbaycanın ekoloji mühitinə, flora və faunasına edilən terror aktlarına qarşı həssas yanaşmalıdır. Məsələ beynəlxalq ictimaiyyət qarşısında gündəmə gətirilib və Ermənistanın cəzalandırılması tələb olunub. Bu Ermənistanın Azərbaycan ekologiyasına vurduğu ilk zərər deyil. Azərbaycanın qonşuluğunda, Ermənistan ərazisində potensial təhlükə mənbəyi olan “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyət göstərməsi, sözügedən atom stansiyasından zərərli kimyəvi məhsulların Araz çayı ilə axıdılaraq Xəzərə tökülməsi, eyni zamanda Azərbaycanın Qarabağ bölgəsində qiymətli yeraltı qazıntıların mənimsənilməsi ekologiyaya vurulan böyük zərbədir”.
İctimai Birliyinin sədri qeyd edib ki, Sərsəng su anbarındakı vəziyyətlə bağlı dövlətimizin başçısı İlham Əliyev dəfələrlə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Lakin bu məsələyə lazımi reaksiya verilməyib. Azərbaycan Respublikası üçün yarana biləcək hər hansı təhlükəli vəziyyətdə cəmiyyətimiz yekdildir. Hazırda 47 il əvvəl istismara verilmiş Sərsəng su anbarının təmir və bərpasına ciddi ehtiyac var. 30 ildən artıqdır ki, Ermənistan bu su anbarını qanunsuz istismar edib, iqtisadi və ekoloji cinayətkarlıqla məşğul olub. Bu əməllərin davam etdirilməsi yolverilməzdir.
R.Mehdiyeva vurğulayıb ki, qeyri-hökumət təşkilatları məsələ ilə bağlı öz haqlı mübarizəsini davam etdirəcək.