Sərsəng su anbarının düzgün idarə olunmaması humanitar böhranla nəticələnə bilər
Bakı, 31 avqust, Aytac Haqverdiyeva, AZƏRTAC
Tərtərçayın üzərində yaradılmış və hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Sərsəng su anbarı Ermənistan və onun himayədarları tərəfindən məqsədyönlü şəkildə ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunur. Qəza vəziyyətində olan su anbarı aşağı hissədə yerləşən yaşayış məntəqələri, təsərrüfatlar və infrastruktur obyektləri üçün ciddi təhlükə yaradır.
Mövzunu AZƏRTAC-a şərh edən Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov deyib: “Sərsəng su anbarı 1976-cı ildə tikilib. Anbarın tikilməsində əsas məqsəd Bərdə, Tərtər, Ağdam rayonlarının su ehtiyatı ilə təmin olunması idi. Anbar vasitəsilə 120 min hektardan çox ərazi suvarılırdı. Bundan əlavə anbarın üzərində su elektrik stansiyası quraşdırılıb. Xankəndində yaşayan ermənilər hazırda həmin stansiyadan istifadə edirlər. Lakin uzun illər bu su anbarının suyu qış vaxtı ərazinin mövsümü ehtiyacları nəzərə alınmadan əhalisi azərbaycanlılardan ibarət olan kəndlərə buraxılıb və nəticədə yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri və kommunikasiya xətləri qışda su altında qalıb. İsti yay mövsümündə isə su buraxılmayıb, bu da kəskin su qıtlığı, əkin sahələrinin suvarılmasında problemlər yaradıb, yaşıllıqlar quruyaraq məhv olub. Bu isə öz növbəsində həmin rayonlarda ərzaq qıtlığının yaranması ilə nəticələnir. Olduqca böyük kənd təsərrüfatına malik Bərdə rayonunda suvarma sistemində baş verən problemlər səbəbindən təsərrüfat kəskin şəkildə azalıb. Məsələnin həlli istiqamətində Azərbaycan bölgədə subartezian quyuları inşa etməyə başladı. Lakin bu fermerlərin tələbatını qismən ödəyə bildi”.
Mütəxəssis qeyd edib ki, 44 günlük Vətən savaşından sonra anbar Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətinə keçib. Sərsəng su anbarının düzgün idarə olunmaması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana gətirib çıxara bilər. Eyni zamanda, anbarın qanunsuz istismarı və ekoloji terror aləti kimi istifadəsi nəticəsində Azərbaycan iqtisadiyyatına, ərzaq təhlükəsizliyinə çox ciddi zərər dəyir. 30 ildir ki, Ermənistan bu su anbarını qanunsuz istismar edib, iqtisadi və ekoloji cinayətkarlıqla məşğul olub. Bu əməllərin davam etdirilməsi yolverilməzdir. Məsələnin yeganə həlli həmin bölgənin tam şəkildə Azərbaycan nəzarətinə keçməsidir. Yalnız o zaman Sərsəng su anbarında təmir və bərpa işləri humanist şəkildə həyata keçirilə və Xankəndində yaşayan ermənilər buranın elektrik enerjisindən istifadə edə bilərlər.