Şərurda 20-dək ünvanda müxtəlif istiqamətli yenidənqurma və ya tikinti işləri aparılır
Şərur, 19 iyun, AZƏRTAC
Muxtar respublikanın Şərur rayonunda hazırda 20-dək ünvanda müxtəlif istiqamətli yenidənqurma və ya tikinti işləri həyata keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, onlardan biri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən bölgədə inşası aparılan Şərur Sənaye Məhəlləsidir.
Sənaye Məhəlləsində yerli tikinti materiallarından istifadəyə üstünlük verilir.
Qeyd edək ki, burada ilkin olaraq bitki yağı, ofis ləvazimatları, kağız-torba və corab istehsalı sahələri yaradılacaq. Məqsəd tələbatın müəyyən hissəsini yerli istehsal hesabına ödəmək, əhalinin məşğulluq səviyyəsini artırmaqdır. Tikinti işlərinin keyfiyyətlə aparılması, obyektlərin vaxtlı-vaxtında təhvil verilməsi üçün inşaatçılara hərtərəfli şərait yaradılıb. Texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur. İnşaat işləri başlanandan əhalinin məşğulluğunun artırılmasına da imkan yaranıb.
Şərur şəhərinin bir neçə ünvanında istirahət guşələrinin yenidən qurulması və genişləndirilməsi işləri də davam etdirilir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şərur Rayon İdarəsinin sahə rəisi Mirabdulla Seyidovun verdiyi məlumata görə, rayon mərkəzinin dəmir yolu stansiyası ərazisində 6 min 250, inşası aparılan bazar ərazisində 3 min 80, şəhər univermağının yaxınlığında 1369, Təqaüdçülər Klubu ərazisində 2 min 350 kvadratmetr ərazidə həmin tədbirlər davam etdirilir. Klubun qarşısında musiqili fəvvarə də inşa olunur.
Rayondakı inşaat obyektləri müxtəlif təyinatlıdır. Belə ki, “N” hərbi hissə üçün infrastruktur obyektlərinin, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının inzibati binasının, Şərur şəhərində zirzəmisi ilə birlikdə 6 mərtəbədən ibarət olan 40 mənzilli yaşayış binasının, Dizə kəndi ərazisində gücü saniyədə 271 litr olan sutəmizləyici qurğu və 27 min kubmetr həcmində 3 ədəd su anbarının, rayon mədəniyyət sarayının, Şəhriyar kəndində uşaq musiqi məktəbi binasının, Avtovağzal binasının tikintisi, 7 yaşayış məntəqəsini birləşdirən 21 kilometr uzunluğunda yolda inşaat işləri davam etdirilir.
Cəlilkənddə içməli su xəttinin, Şərur şəhəri ilə Naxçıvan-Sədərək magistral yolunu birləşdirən avtomobil yolunun çəkilişi aparılır. Şərur şəhərinin Nizami küçəsində isə 35/10 kilovoltluq “Subartezian” yarımstansiyasının qurulması rayonun quruculuq xəritəsini daha da genişləndirib.