SƏUDİYYƏ ƏRƏBİSTANI BİLƏSUVARDA MƏSKUNLAŞMIŞ MƏCBURİ KÖÇKÜNLƏRƏ BÖYÜK HƏCMDƏ YARDIM ETMİŞDİR
Səudiyyə Ərəbistanı məlikinin göstərişinə əsasən, ölkənin Maliyyə və Milli İqtisadiyyat Nazirliyi, Bakıdakı səfirliyi vasitəsilə soydaşlarımıza - Biləsuvar rayonunda məskunlaşmış və güclü yağışlardan zərər çəkmiş məcburi köçkünlərə 100 ton miqdarında yardım göstərilmişdir. Beş çadır düşərgəsində 17 min nəfərdən ibarət 3700 ailənin hərəsinə 21 kiloqram ərzaq (un, düyü, makaron, şəkər tozu və qənd, yağ və s.), iki ədəd odeyal, divan örtüyü, çadırın üstünə çəkmək üçün plastik örtük paylanmışdır.
Məlikliyin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Əli Həsən Cəfər və adı çəkilən nazirliyin nümayəndəsi İbrahim Süleyman ədd-Dureyviş bildirmişlər ki, Azərbaycanın qaçqın və məcburi köçkünləri Səudiyyə Ərəbistanı hökumətinin diqqət mərkəzindədir. Bu insanların, xüsusilə Biləsuvarda məskunlaşan qardaş və bacılarımızın leysan yağışlarından zərər çəkməsi barədə məlumat alınan kimi, Əlahəzrət Fəhd ibn Əbdüləziz Al Səud belə bir yadımın göstərilməsi barədə öz ali qərarını vermişdir. Ramazan ayının başlanması ərəfəsində bacı-qardaşlarımıza edilən bu yardım möhtərəm dövlət başçımızın köməyinin cüzi bir hissəsidir və inşallah, problemlər aradan qaldırılınadək bu iş davam etdiriləcəkdir.
Xatırladaq ki, təkcə islam aləmində deyil, bütün dünyada özünəməxsus nüfuzu olan Səudiyyə Ərəbistanı Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizə maddi və mənəvi dəstəyini əsirgəməmişdir.
1994-cü ilin yayında Azərbaycan Prezidenti Heydər Əliyevin dost ölkənin dövlət başçısının dəvəti ilə Səudiyyə Ərəbistanına rəsmi səfərindən sonra hərtərəfli əlaqələr genişlənmiş və möhkəmlənmişdir.
Səudiyyə Ərəbistanı Ermənistanın Azərbaycana hərbi təcavüzünü daim pisləmiş, beynəlxalq tədbirlərdə bu barədə öz qətiyyətli mövqeyini bildirmişdir. Qardaş ölkənin kütləvi informasiya vasitələrində Ermənistan-Azərbaycan münaqişəsi barədə obyektiv faktlara və təhlillərə əsaslanan materiallar dərc olunur.
Səudiyyə Ərəbistanının beynəlxalq “Nicat” humanitar təşkilatı indiyədək Azərbaycanın qaçqın və köçkünlərinə milyonlarla ABŞ dolları məbləğində müxtəlif yadımlar göstərmişdir.