SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞININ VƏLİƏHDİ İLƏ GÖRÜŞ
Fevralın 18-də parlament nümayəndə heyətimizi Vəliəhd Şahzadə Abdulla bin Əbdüləziz Al Səud qəbul etdi.
Qəbul üçün təşəkkürünü bildirən Milli Məclisin sədri Murtuz Ələsgərov iki ölkə arasındakı dostluq münasibətlərindən söz açaraq dedi ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ildə tanımış, 1992-ci ildə isə Azərbaycanla diplomatik əlaqələr yaratmaq barədə hökumətlərarası sənədlər imzalanmışdır. Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı ilə münasibətlərə xüsusi əhəmiyyət verir.
İki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfər və görüşlərinin böyük rolunu vurğulayan Milli Məclisin sədri 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfərini xatırlatdı və bu səfər müddətində imzalanmış sənədlərin əhəmiyyətini xüsusi vurğuladı.
Murtuz Ələsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Kralını Azərbaycana dəvət etdiyini Vəliəhdin nəzərinə çatdırdı və bu dəvət səmimi təşəkkür hissləri ilə qarşılandı.
Parlamentin sədri Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasındakı qardaşlıq və dostluq əlaqələrinin inkişafında parlamentlərin də xüsusi rol oynadığını bildirdi. O dedi: “Biz ölkənizdə Şura Məclisinin sədri hörmətli doktor Saleh bin Abdulla Humeydin dəvəti ilə qonağıq. Güman edirəm ki, həm parlamentlərarası münasibətlərin inkişafında, həm də ümumiyyətlə, iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsində bu səfərin mühüm rolu olacaqdır. Bildiyiniz kimi, keçən il biz Şura Məclisinin sədri doktor Saleh bin Abdulla Humeydin rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanda qarşılamışdıq. İrəlidə belə qarşılıqlı səfərlərin tez-tez olacağına və daha böyük əhəmiyyət kəsb edəcəyinə əminəm”.
Görüş zamanı iqtisadi əlaqələrdən və respublikamızda aparılan uğurlu islahatlardan da geniş söhbət açan Milli Məclisin sədri Murtuz Ələsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemində ölkəmizin haqq işini birmənalı şəkildə müdafiə edən mövqeyinə görə Səudiyyə Ərəbistanı Krallığına təşəkkürünü bildirdi.
Vəliəhd Şahzadə Əmir Abdulla bin Əbdüləziz Al Səud Azərbaycan parlamenti nümayəndə heyəti üzvlərini ölkəsində görməkdən çox məmnun olduğunu söylədi və iki ölkə arasındakı münasibətlərin inkişafında dövlət başçılarının səfərlərinin əhəmiyyətindən danışdı, ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etdi.
Bu səfəri ölkələrarası münasibətlərdə irəliyə doğru atılan addım kimi dəyərləndirən Vəliəhd Şahzadə Əmir Abdulla bin Əbdüləziz Al Səud İslam ölkələrinin birliyinin vacibliyindən danışdı və dedi: “Bu gün müqəddəs dinimiz müxtəlif qüvvələrin qərəzli hücumlarına məruz qalır. Lakin onlar unudurlar ki, islami dəyərlər insanları həmişə sülhə, ədalətə, qardaşlığa, paklığa cağırdığı üçün ümumbəşəridir və o, möhkəm əsaslara söykənir, onu heç bir qüvvə sarsıda bilməz. Səudiyyə Ərəbistanı Ulu Tanrının ona bəxş etdiyi İki Müqəddəs Məscidin və İslam Peyğəmbərinin vətənidir. Bu da bizim üçün İslama və islam xalqlarına xidmət şərəfini, məsuliyyətini vacib edir. Əmin ola bilərsiniz ki, biz həmişə Azərbaycan xalqı ilə bir yerdə olacağıq və onun haqq işini müdafiə etmək də bizim dinimizdən irəli gələn qardaşlıq borcumuzdur. Biz bu borcu sona qədər yerinə yetirəcəyik”.
Görüşün sonunda Murtuz Ələsgərov hədiyyə olaraq “Heydər Əliyev və Azərbaycan Parlamenti” kitabını və Milli Məclisin deputatı Vaqif Abdullayevin Azərbaycan Prezidenti İlham Əliyevə həsr etdiyi kitabı Vəliəhdə təqdim etdi.
X X X
Həmin gün parlament nümayəndə heyətinin üzvləri qədim tarixə malik Əl-Aziriyyə kəndində və Kral Əbdüləziz adına elm və texnika şəhərciyində olmuş, sonra isə müqəddəs Məkkə və Mədinə şəhərlərinə yola düşmüşlər.
Səfər fevralın 21-də başa çatacaqdır.