SƏUDİYYƏ ƏRƏBİSTANI LİVANA TƏMƏNNASIZ OLARAQ 500 MİLYON DOLLAR AYIRMIŞDIR
Beyrutun maliyyə təhlilçilərinin fikrincə, Səudiyyə Ərəbistanı hökumətinin bu dost münasibəti milli valyutanın – Livan funtunun dəyərdən düşməsinin qarşısını alacaqdır. Səudiyyə Ərəbistanının Livanda böyük iqtisadi mənafeləri var. Son 10 ildə səudiyyəlilər Livanın yenidən qurulmasına azı 16 milyard dollar qoymuşlar.
Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlərə xəbərdarlıqla bildirmişdir ki, İsrail təcavüzünün davam etməsi Yaxın Şərqdə böyük müharibə başlanması təhlükəsi yaradır. O, atəşin dərhal dayandırılmasını tələb etmişdir.
Kondoliza Rays Ər-Riyadın planını rədd edərək vurğulamışdır ki, “Hizbullah” dəstələri Cənubi Livandan getməyincə və onlar silahsızlaşdırılmayınca, atəşin dayandırılması “şiə yaraqlılarına mükafat” olardı. ABŞ dövlət katibi ilə bazar ertəsi Beyrutda görüşən Livan parlamentinin sədri Nəbih Berri “Əl-Ərəbiyə” telekanalına müsahibəsində demişdir ki, “Raysın irəli sürdüyü şərtlər məqbul deyil və Livanın milli birliyinə təhlükə törədir”.