Səudiyyə Ərəbistanı şahzadəsi VII Qlobal Bakı Forumunda iştirak edəcək
Bakı, 28 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanı şahzadəsi Turki əl-Faysal martda Bakıya gələcək. O, VII Qlobal Bakı Forumunda iştirak edəcək.
Bu barədə AZƏRTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, Türki əl-Faysal Səudiyyə Ərəbistanı Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədridir. O, Səudiyyə Ərəbistanının ABŞ və Böyük Britaniyada səfiri olub. Turki əl-Faysal 2017-ci ildə Bakıda keçirilmiş V Qlobal Forumda da iştirak edib.
Xatırladaq ki, martın 14-dən 16-dək keçiriləcək VII Qlobal Bakı Forumunun əsas mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. 450-dək qonağın iştirak edəcəyi Forumda “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclasları olacaq.