Səudiyyə Ərəbistanında Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçiriləcəkdir
Bakı, 20 fevral, (AZƏRTAC). Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi silsilə tədbirlər keçirəcəkdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirlər çərçivəsində Ər-Riyad şəhərində yerləşən diplomatik nümayəndəliklərə xüsusi məlumatların ünvanlanması, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrində müvafiq bəyannamənin yayılması üçün müraciət qəbul olunması nəzərdə tutulmuşdur.
Fevralın 26-da Ər-Riyad şəhərinin mərkəzində yerləşən “Riyad Sarayı”nın böyük konfrans zalında Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar geniş anma mərasimi keçiriləcəkdir. Bununla bağlı Xocalı faciəsini əks etdirən kitab, CD və fotolardan ibarət guşənin, soyqırımı və erməni terroru haqqında materialların və kinofilmlərin nümayiş etdirilməsi nəzərdə tutulur. Tədbirdə “Xocalı uşaqların gözü ilə” mövzusunda rəsm sərgisinin təşkili, “Xocalıya ədalət” kampaniyası çərçivəsində Azərbaycanda və dünya ölkələrində İslam Konfransı Gənclər Forumu tərəfindən keçirilmiş tədbirlərin fotolarının nümayişi də planlaşdırılır.
Mərasim iştirakçılarına Qarabağ münaqişəsi, xüsusilə də Xocalı soyqırımını əks etdirən disk, kitab və materiallar, faciə ilə bağlı səfirlik tərəfindən hazırlanmış materialların paylanması nəzərdə tutulmuşdur.
Tədbirə Səudiyyə Ərəbistanının yüksək rütbəli məmurları və ölkədə fəaliyyət göstərən diplomatik missiyalar, həmçinin KİV nümayəndələri də dəvət ediləcəklər.
Mərasimdə Xocalı soyqırımını əks etdirən “Məhv edilmiş şəhər” filmi ərəb dilində nümayiş etdiriləcəkdir. Tədbir iştirakçılarına Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclik Forumunun (DƏ-İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanda və dünya ölkələrində keçirilmiş tədbirlər və bu kampaniyaya dair internet saytı haqqında məlumat veriləcək, onlar bu təşəbbüsə qoşulmağa dəvət ediləcəklər.
Tədbir çərçivəsində “Dəyirman” qrupu və Toni Bləkmən (ABŞ) tərəfindən ifa edilmiş “Xocalıya ədalət” klipinin, faciə ilə bağlı məqalələrin və xəbərlərin bu ölkənin KİV-ində yayımlanması da nəzərdə tutulmuşdur.