Səudiyyə Ərəbistanının xarici işlər naziri Tehrana səfər edib
Bakı, 17 iyun, AZƏRTAC
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Farhan Əl-Səud bu gün Tehrana səfər edib.
AZƏRTAC xəbər verir ki, nazir səfər zamanı İran Prezidenti İbrahim Rəisi və iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşməyi planlaşdırır. O, həmçinin Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin və Məşhəddəki konsulluğunun yenidən açılması ilə bağlı vəziyyətlə tanış olacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər 2016-cı ildə Ər-Riyadda səudiyyə monarxiyasını tənqid edən şiə aliminin edamından sonra pozulmuşdu. Nəticədə Səudiyyə Ərəbistanının İrandakı səfirliyi etirazçıların hücumuna məruz qalmış və Ər-Riyad Tehranla diplomatik əlaqəni kəsmişdi.
Bu il hər iki dövlət Çinin vasitəçiliyi ilə diplomatik münasibətlərin bərpası barədə razılığa gəlib. Bir müddət öncə isə İranın Hərbi Dəniz Qüvvələrinin komandanı Şahram İrani Hind okeanı zonasında Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və Pakistanın daxil olacağı alyans yaratmaq barədə təklif irəli sürüb.