SƏUDİYYƏLİ İŞ ADAMLARI AZƏRBAYCANIN İQTİSADİYYATINA BÖYÜK MARAQ GÖSTƏRİRLƏR
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfir Elman Araslı Krallığın Qasım vilayətinin əmiri Feysəl bin Bəndər bin Əbdüləziz Al Səudla görüşmüşdür.
Görüşdə səfir Əmir Feysələ respublikamız, həmçinin Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələri barədə ətraflı məlumat vermiş, ölkəmizin rəhbərliyinin bu münasibətləri genişləndirmək əzmində olduğunu bildirmişdir.
Əmir Feysəl Qasım vilayətində son zamanlar əldə olunmuş nailiyyətlər barədə danışmış və Səudiyyə Ərəbistanı rəhbərliyinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulamışdır. Söhbət əsnasında Ermənistan-Azərbaycan münaqişəsinə toxunulmuş, Səudiyyə Ərəbistanı Krallığının problemin həllində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyi bir daha qeyd olunmuşdur. Münaqişənin sülh yolu ilə həlli istiqamətində Azərbaycan rəhbərliyinin göstərdiyi səylər yüksək qiymətləndirilmişdir.
Səfir E.Araslı vilayətdə çalışan azərbaycanlı həkimlərə göstərilən qayğıya görə Əmir Feysələ minnətdarlığını bildirmişdir.
Səfər çərçivəsində Oneyza və Rəst məntəqələrinin qubernatorları və digər rəsmiləri, bir sıra özəl şirkətlərin rəhbərləri və nümayəndələri ilə də görüşlər keçirilmişdir.
Səfir Qasım vilayətinin Ticarət və Sənaye Palatasında olmuş, Azərbaycanın iqtisadi potensialı, Azərbaycan-Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat və ticarət sahəsində mövcud əlaqələrin genişləndirilməsi imkanları barədə mühazirə oxumuş, vilayətin iş adamlarını maraqlandıran çoxsaylı suallara cavab vermişdir.
Ölkələrimiz arasında yaranmaqda olan Müştərək İş Adamları Şurasında Qasım vilayətinin iş adamlarının təmsil olunması haqqında razılıq əldə edilmişdir. Həmçinin, 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan “Azərbaycan qeyri-neft sektorunda sərmayə imkanları” adlı konfransda Qasım vilayətinin iş adamlarının iştirak etməsinə dair də ilkin razılıq əldə olunmuşdur.
Azərbaycandakı sərmayə layihələri və ölkəmizin iqtisadiyyatına dair ətraflı yazılı məlumatlar iş adamlarına paylanmışdır.
Səfir Qasım Vilayəti Səhiyyə idarəsinin rəisi Hişam Nadran və Kral Fəhd adına ixtisaslaşdırılmış xəstəxananın baş direktoru Məhəmməd Atiflə də görüşmüşdür. Görüşdə Səudiyyə Ərəbistanı tərəfinin nümayəndələri bu bölgədə çalışan azərbaycanlı həkimlərin fəaliyyətinə yüksək qiymət vermişlər.
Daha sonra azərbaycanlı həkimlərlə görüş keçirilmiş və onlarla ətraflı söhbət aparılmışdır. Bildirilmişdir ki, hazırda Krallıqda 300 nəfərə yaxın azərbaycanlı həkim çalışır və onlardan 52 nəfəri (ailə üzvləri ilə birlikdə 84 nəfər) Qasım vilayətində fəaliyyət göstərir.