Seulda “Şərq və Qərb arasında kəsişmə: Azərbaycan” mövzusunda mühazirə oxunub
Seul şəhərində Koreya Fondunun “Avrasiya mühazirələri seriyası” proqramının növbəti mövzusu “Şərq və Qərb arasında kəsişmə: Azərbaycan” olub.
Fondun baş qərargahında təşkil olunan mühazirədə Koreya Respublikasının 60-dək nüfuzlu universitetinin müəllim və professor heyəti, mədəniyyət və turizm təşkilatlarının, kiçik və orta müəssisələrin nümayəndələri, eləcə də tələbələr iştirak ediblər.
Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyinin birinci katibi F.Cumayev mühazirəçi qismində çıxış edərək Azərbaycan iqtisadiyyatının inkişaf meyilləri və ölkəmizdəki investisiya mühiti, əsas sənaye sahələrinin inkişaf səviyyəsi, neft və qeyri-neft sahələrində həyata keçirilən və nəzərdə tutulan yeni irimiqyaslı layihələr barədə məlumat verib. O, həyata keçirilən islahatlar nəticəsində ölkəmizin inkişaf parametrlərinə görə regionda lider dövlətə çevrildiyi bildirib.
Bundan əlavə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, işğal olunmuş ərazilərdəki vəziyyət, eləcə də bu təcavüz nəticəsində ölkəmizə dəymiş maddi və mənəvi ziyan, münaqişənin Cənubi Qafqaz regionunun sabitliyinə və inkişafına törətdiyi maneələr barədə məlumat verilib. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinin vacibliyi diqqətə çatdırılıb.
Diplomat Azərbaycan-Koreya münasibətlərinə toxunaraq, 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulduğunu, Koreya və Azərbaycan prezidentlərin qarşılıqlı səfərlərindən sonra fəal ikitərəfli əməkdaşlığın başlandığını qeyd edib. Koreya Respublikasının ölkəmiz üçün önəmli tərəfdaş olduğu, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusilə də iqtisadi, təhsil, humanitar və informasiya-kommunikasiya texnologiyaları sahələrində uğurla inkişaf etdirildiyi, bu və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın mövcudluğu diqqətə çatdırılıb.
Mühazirənin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, Azərbaycan haqqında videoçarx nümayiş etdirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul