Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransda ilahiyyatçı filosofun irsinin gənclərə çatdırılmasının vacibliyi vurğulanıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində İslam dünyasının mötəbər mütəfəkkiri, görkəmli azərbaycanlı alim, ilahiyyatçı filosof Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş Birinci Beynəlxalq elmi-praktik konfrans işini bölmə iclasları ilə davam etdirib.
AZƏRTAC xəbər verir ki, “İslam dünyasının mədəni irsində Seyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda Birinci Beynəlxalq konfransda çıxışlarda müsəlman sivilizasiyasının böyük intibah dövrü, Azərbaycanın İslam elmlərinin və elmi düşüncənin inkişafındakı rolu, Seyid Yəhya Bakuvinin fəlsəfi və mənəvi irsi, Xəlvətilik təriqətinin yayılmasında xidmətləri və onun irsinin müasir dövrdə öyrənilməsinin əhəmiyyəti barədə fikirlər səsləndirilib.
Qeyd olunub ki, möhtəşəm müsəlman sivilizasiyası kontekstində yaranan böyük intibah misli görülməmiş dini, elmi və mədəni inkişafla müşayiət edilib. Həmin böyük inkişaf nəticəsində müsəlman aləmi elmin bir çox sahələrində – fəlsəfə, riyaziyyat, həndəsə, coğrafiya, astronomiya, incəsənət, ədəbiyyat və poeziyada misli görülməmiş çiçəklənmə dövrünə qədəm qoyub. Mənəvi paklaşma və saflaşma yolunu təbliğ edən cərəyanlar geniş vüsət alıb, müxtəlif sufi təriqətlər yaranıb.
Bildirilib ki, Azərbaycan yalnız alim və mütəfəkkirlərin yetişdiyi bir məkan olmayıb, həm də İslam elmlərinin beşiyi, elmi düşüncənin, maarifçiliyin, idrakın və irfanın inkişafı üçün əlverişli məkan olub. Azərbaycan çox zəngin tarixə, mədəniyyətə və ənənələrə malikdir. Burada həm ölkə daxilində, həm də Şərq və Qərbdə geniş yayılmış sufi ənənələri inkişaf edib.
Vurğulanıb ki, XV əsrdə yaşamış Seyid Yəhya Bakuvi sufilik dünyasının böyük müəllimlərindən biridir. Onun təsiri Azərbaycandan kənara, əsasən Xəlvətilik təriqəti vasitəsilə yayılıb. Xəlvətilik Şimali Afrika, Anadolu və Balkanlar da daxil olmaqla müxtəlif bölgələri əhatə edib. Seyid Yəhya Bakuvi Xəlvətilikdə piri-sani ruhu ilə təriqətin zikr, xəlvət kimi anlayışını sistemləşdirən bir ustaddır. Çox sayda xəlifə və mürşid yetişdirib. Onun yetişdirdiyi xəlifələr təriqətin Anadolu və Balkanlarda təşkilatlanaraq yayılmasını təmin ediblər.
Bildirilib ki, Yəhya Bakuvinin həyat yolu onun mənəvi tərbiyə və qəlbin təmizlənməsi yolunda böyük xidmətlər göstərmiş türk-islam təsəvvüf alimi olduğunu göstərir. Mənəvi tərbiyə və qəlb saflığı təlimi mühüm əhəmiyyət daşıyır. Çünki bütün yaxşı əməllər əvvəlcə insanın qəlbində yaranır. Davamlı və möhkəm əməllər də əvvəlcə insanın qəlbində meydana gəlir, sonra həyata keçirilir. Şeyx Şirvaninin mənəvi və fəlsəfi düşüncəsi insan ruhunu yüksəlməyə, ucalmağa və ilahi mərifətə çatmağa çağırır. Həmin xəlvəti təsəvvüf yolu nəfsin tərbiyəsi zamanı İslam şəriətinin müəyyən etdiyi çərçivədən kənara çıxan ifrat təsəvvürdən fərqlənir.
Şirvani düşüncəsinin fəlsəfi, mənəvi və tərbiyəvi xarakter daşıdığı bildirilib. Bu düşüncə tövhid, zikr, Peyğəmbərə məhəbbət, bütün səhabələrə heç bir ayrı-seçkilik qoymadan məhəbbət, nəfsin saflaşdırılması, qəlbin hazır olması və ona nəzarət edilməsi kimi əsaslara söykənir.
Vurğulanıb ki, tarazlıq və mötədillik İslamın gözəlliyidir. Bu, Seyid Yəhya Bakuvi kimi sufilərin də öyrətdiyi dəyərdir. Qloballaşma və rəqəmsallaşma dövründə cəmiyyətimizi və dəyərlərimizi qorumaq yalnız sufi ənənəsinin tarazlıq mesajı vasitəsilə mümkündür.
Şeyx Seyid Yəhya Bakuvinin əlyazma və çap olunmuş bütün əsərlərinin toplanması və onların mötəbər elmi ensiklopediya şəklində nəşr edilməsi təklif edilib. Həmçinin Seyid Yəhya Bakuvinin əsərlərinin tərcümə edilməsinin, şərh olunmasının və gənclər üçün kitab şəklində nəşr edilməsinin vacibliyinə diqqət çəkilib.
Qeyd edək ki, konfransın həmtəşkilatçıları Qafqaz Müsəlmanları İdarəsi və TDT ilə birgə Azərbaycan Milli Elmlər Akademiyası, ICESCO, IRCICA, Müsəlman Ağsaqqalları Şurasıdır.