Seymur Səfərli: 2030-cu ilədək yüksək məhsuldarlığa əsaslanan rəqabətqabiliyyətli kənd təsərrüfatı sistemi yaradılacaq VİDEO
Biləsuvar, 22 iyun, AZƏRTAC
2030-cu ilədək kənd təsərrüfatı istehsalında yüksək məhsuldarlığa nail olmaq, dayanıqlı və rəqabətqabiliyyətli kənd təsərrüfatı sisteminin formalaşdırılması dövlətin qarşıya qoyduğu əsas strateji hədəflərdən biridir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Biləsuvarda jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli deyib.
Nazir müavini bildirib ki, ölkədə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər kənd təsərrüfatının müasir çağırışlara uyğunlaşdırılmasına, innovativ texnologiyaların tətbiqinin genişləndirilməsinə və istehsalın səmərəliliyinin artırılmasına xidmət edir. Onun sözlərinə görə, qarşıya qoyulan əsas məqsəd yalnız daxili bazarın keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi deyil, eyni zamanda, Azərbaycan məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsi və ixrac imkanlarının daha da genişləndirilməsidir.
“Bununla yanaşı, ixrac potensialının artırılması da əsas prioritetlər sırasındadır. Emal vasitəsilə əlavə dəyərin yaradılması, fermerlərin gəlirlərinin artırılması və nəticə etibarilə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi dövlət proqramının başlıca məqsədlərindəndir”, - deyə Seymur Səfərli vurğulayıb.
Nazir müavini qeyd edib ki, kənd təsərrüfatında müasir yanaşmaların tətbiqi, torpaq və su ehtiyatlarından səmərəli istifadə, aqrar sahədə rəqəmsallaşmanın genişləndirilməsi, eləcə də fermerlərə göstərilən dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi qarşıdakı dövrdə də diqqət mərkəzində saxlanılacaq. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində kənd yerlərində məşğulluğun artırılması, əhalinin rifah səviyyəsinin yüksəldilməsi və regionların davamlı inkişafının təmin olunması nəzərdə tutulur.
Müxbir- İlkin Adıyev