İDMAN
Səyyah: Azərbaycanın milli mətbəxini bəyənirəm
Bakı, 17 sentyabr, AZƏRTAC
"Bizim üçün maraqlı səfər oldu".
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qoliat" ekspedisiyasını Xəzər dənizində davam etdirmək qərarına gələn səyyah Anjela Maksvelin Qazaxıstandan Azərbaycana Xəzər dənizini üzərək gəlməsi barədə danışarkən deyib.
O, səyahətin uğurlu keçməsinin mentallıqla bağlı olduğunu bildirib: "Çünki çox danışsan, nəsə edə bilməyəcəksən. Hər zaman üzməyi bacaran və ya buna cəhd etməyə çalışan kimi özünü xatırlamalısan. Bu cür marafonda fərqli hava şəraiti ilə rastlaşa bilərik. Buna hazır olmalıyıq".
Daha əvvəl Bakıya bir neçə dəfə səfər etdiyini söyləyən idmançı milli mətbəxi bəyəndiyini vurğulayıb.
Gənclər və İdman Nazirliyinin və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi və təşkilatçılığı ilə keçirilən dəniz səyahəti Qazaxıstanın Aktau şəhəri yaxınlığındakı sahildən başlayıb. Hər iki səyyah Azərbaycana çatmaq üçün 41 gün ərzində 288 kilometr məsafə qət edib.
Səyahət zamanı onlarla iki gənc idmançımız - 15 qat respublika çempionları Anastasiya Boborkina və Əbdürrəhman Rüstəmov da birgə üzüblər.
Britaniyalı Karl Buşbi və amerikalı Anjela Maksvel dünyanın dörd tərəfini kəşf etməkdə olan tanınmış iki macəraçıdır. Karl Buşbi bu missiyaya hələ 1998-ci ilin noyabrında 38 min kilometrlik məsafəni qət etməklə başlayıb. Həmkarı Anjela Maksvel son 7 il ərzində 4 qitədə - 14 ölkədə olub, susuz səhraları, qarlı dağları gəzərək ümumilikdə 32 min 186 kilometr məsafə qət edib.