Səyyar “ASAN xidmət” avtobusu Cəlilabadda
Cəlilabad, 13 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Səyyar “ASAN xidmət” avtobusu oktyabrın 5-dən etibarən Cəlilabad Şəhər Bələdiyyəsinin qarşısında vətəndaşlara xidmət göstərir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabadda ümumilikdə sakinlərə 13 dəfə səyyar xidmət göstərilib. “ASAN xidmət” avtobusları vasitəsilə 34 minə yaxın vətəndaş müraciəti daxil olub.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
Bu ayın 22-dək Cəlilabadda fəaliyyət göstərəcək səyyar “ASAN xidmət” avtobusunun növbəti dayanacağı Astara rayonu olacaq.
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2013-cü ildən həyata keçirilən səyyar “ASAN xidmət” vasitəsi ilə ümumilikdə 2 milyon 500 minə yaxın, 2021-ci il ərzində isə 108 minə yaxın vətəndaş müraciəti daxil olub.
“ASAN xidmət” mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 avtobus və “ASAN qatar” səyyar formada əhaliyə xidmət göstərir.
Əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.