İQTİSADİYYAT
“SİMA İmza” vasitəsilə daha bir qurum xidmətlərini rəqəmsallaşdırıb

Bakı, 14 mart, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməyə davam edir. “SİMA İmza” vasitəsilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurum “Portmanat” elektron pulqabı olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, artıq “Portmanat” elektron pulqabının internet saytında və mobil tətbiqində istifadəçilər kimliyini “SİMA İmza” vasitəsilə eyniləşdirə bilərlər. Belə ki, saytda və tətbiqdə qeydiyyatdan keçmiş istifadəçilərin “Limitlər və imkanlar” bölməsinə daxil olaraq limit artırılması prosesini “SİMA İmza” sayəsində anında reallaşdırması mümkündür.
Qeyd edək ki, indiyə qədər müştərilər limit artımı üçün müraciət göndərməli, azı 1 iş günü gözləməli idilər. Prosesi səhv icra etdikdə təsdiqlənmə müddəti daha da uzanır, nəticədə eyniləşdirmə əməliyyatı zaman alırdı. “SİMA İmza” sayəsində isə müştərilər 1 dəqiqədən daha az müddətdə kimliyini təsdiqlədə bilərlər.
“SİMA İmza” ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. Azərbaycan vətəndaşları, fərdi sahibkarlar və Azərbaycanda qanuni əsaslarla yaşayan əcnəbilər olduqları yerdən elektron xidmətlərdən yararlanırlar.
Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.