“Şimal” futbol klubu Region Liqasının final mərhələsinə vəsiqə qazanıb
Xaçmaz, 21 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmazı təmsil edən “Şimal” futbol klubu AFFA tərəfindən həvəskarlardan ibarət komandalar arasında keçirilən AFFA Region Liqasının final mərhələsinə vəsiqə qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Region Liqasının Şimal və Paytaxt zonasında mübarizə aparan Xaçmaz təmsilçisi keçirdiyi 11 matçın 10-da qalib gəlib, yalnız bir oyunda heç-heçə edib. Hazırda 31 xalla turnir cədvəlinə başçılıq edən “Şimal” klubu sona iki tur qalmış finala vəsiqə qazanıb.
Komandanın hücumçusu Emin Əskərov bombardirlik yarışında liderlik edir. Onu hesabında 19 qol var.
Komandanın baş məşqçisi Tural Cəlilov bildirib ki, “Şimal” futbol komandası yeni təsis olunmasına baxmayaraq, iddialı komandadır.
“İlk məqsədimiz intizamlı komanda qurmaq idi. Regiondakı futbolçuları komandamıza cəlb etmişik. Artıq Region liqasında pley-off mərhələsinə vəsiqəni təmin etdik. İndi çempionluq barədə də düşünürük. Çalışacağıq ki, azarkeşlərimizin ümidini doğruldaq. Region liqasının kubokunu Xaçmaza gətirək”, - deyə Tural Cəlilov bildirib.