SİYASƏT
Sinxua: Azərbaycan və Ermənistan sərhədin delimitasiyasına başlamağa hazırdır
Pekin, 24 may, AZƏRTAC
Çinin milli xəbər agentliyi Sinxua Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədinin delimitasiyası üçün tərəflərin dövlət komissiyası yaratması mövzusuna dair xəbər yayıb.
AZƏRTAC xəbər verir ki, agentlik Prezident İlham Əliyevin müvafiq komissiyanın tərkibi haqqında Sərəncamı barədə detallı məlumat verib. Oxşar komissiyanın Ermənistanda da yaradıldığı bildirilib.
Sinxua yazır ki, iki ölkə arasında dövlət sərhədinin delimitasiyana dair komissiyaların yaradılması Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ev sahibliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ötən ilin dekabrından sonra Brüsseldə mayın 22-də 3-cü dəfə keçirilmiş görüşündən bir gün sonraya təsadüf edir.
Xəbərdə Ermənistan ilə Azərbaycan arasında 1988-ci ildə başlamış münaqişənin tarixi, habelə 2020-ci ilin payızındakı 44 günlük müharibənin nəticələri barədə də məlumat verib. Habelə, ötən il noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündə də tərəflərin Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üçün mexanizmlər yaratmaq barədə razılığa gəldiklərini qeyd edib.
Sinxuanın həmin xəbəri Çinin digər media qurumları, o cümlədən Çin Mərkəzi Televiziyasının ingilisdilli kanalı olan CGTN-nin internet səhifəsində də yerləşdirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin