Şirvanda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə bağlı profilaktik tədbirlər gücləndirilib
Şirvan, 1 aprel, Mahir Babayev, AZƏRTAC
Koronavirus infeksiyasının sürətlə yayılma təhlükəsini nəzərə alaraq ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Şirvan şəhəri ərazisində profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən gücləndirilmiş iş rejimində davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əhalinin sıx toplaşdığı ərazilərə, park və xiyabanlara nəzarət gücləndirilərək, həmin ərazilərə giriş tamamilə məhdudlaşdırılıb.
Eyni zamanda, polis əməkdaşları tərəfindən şəhərin giriş-çıxış hissələrində və bəzi yerlərində nəzarət-buraxılış məntəqələri yaradılıb, təcili-tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli avtomobillərin və yük maşınlarının hərəkəti istisna olmaqla nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.
Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq əhali arasında fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması məqsədi ilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyevin və Operativ Qərargah üzvlərinin iştirakı ilə şəhərin müxtəlif ünvanlarında, park və xiyabanlarda, yaşayış binalarının qarşısında, eyni zamanda, Bayramlı və Hacıqəhrəmanlı qəsəbələrində sakinlərlə maarifləndirici söhbətlər aparılıb, vətəndaşlardan məsuliyyətli olmaları tələb edilib, infeksiyanın sürətlə yayılma riski və törədə biləcəyi fəsadlar barədə ətraflı məlumatlar verilib.
Şəhər sakinlərinə xüsusi karantin rejiminin tələblərinə və sanitar-epidemioloji normalara ciddi əməl etmələri tövsiyə edilib və əks halda, tələblərə əməl etməyənlərin inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqları onların nəzərinə çatdırılıb.
Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün Şirvan şəhəri ərazisində zəruri tədbirlərin görülməsi davam etdirilir.