Siyasi şərhçi: Azərbaycan Avrasiyanın yeni geosiyasi arxitekturasında mövqeyini daha da möhkəmləndirir
Bakı, 1 sentyabr, AZƏRTAC
Qlobal və regional proseslərin sürətlə dəyişdiyi indiki mərhələdə coğrafi mövqe, nəqliyyat-kommunikasiya imkanları, enerji resursları, logistika infrastrukturu və müxtəlif siyasi-iqtisadi məkanlar arasında körpü rolunu oynamaq qabiliyyəti dövlətlərin beynəlxalq əhəmiyyətini müəyyən edən əsas amillər sırasında xüsusi yer tutur. Bu baxımdan Azərbaycan Avrasiyanın ən mühüm strateji bağlantı nöqtələrindən birinə çevrilib. Belə ki, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya çıxış əldə etməklə yanaşı, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində formalaşan nəqliyyat dəhlizlərinin mühüm həlqəsi kimi çıxış edir. Ölkəmizin həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri yalnız tranzit imkanlarını genişləndirmir, eyni zamanda, onun regional və beynəlxalq geosiyasi çəkisini artırır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Nicat İsmayılov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə iştirak etməsi Azərbaycanın xarici siyasəti və Avrasiya məkanında artan rolu baxımından xüsusi əhəmiyyətlidir. Belə ki, Azərbaycan-ŞƏT münasibətlərinin ən mühüm istiqamətlərindən biri nəqliyyat-logistika əməkdaşlığıdır. Çünki ŞƏT coğrafiyası Çin, Mərkəzi Asiya, Rusiya, İran, Hindistan, Pakistan və digər mühüm iqtisadi məkanları bir araya gətirir. Azərbaycan bu böyük coğrafiyanın Avropa bazarlarına çıxışında əlverişli tranzit mövqeyə malikdir. Əsas məsələ Azərbaycanın sadəcə tranzit ölkə olması deyil, eyni zamanda, ölkənin Avrasiyanın mühüm logistika və bağlantı mərkəzlərindən birinə çevirməsidir. Çünki son illər Orta Dəhlizə marağın artması Azərbaycanın tranzit imkanlarının əhəmiyyətini daha da yüksəldib. Çin, Mərkəzi Asiya və Avropa arasında alternativ, səmərəli logistika marşrutlarının axtarılması Azərbaycanın nəqliyyat potensialını ön plana çıxarır. Bu baxımdan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan ərazisində yaradılan müasir avtomobil və dəmir yolu infrastrukturu, Ələt Azad İqtisadi Zonası və Xəzər üzərindən daşımaların inkişafı vahid strateji konsepsiyanın elementləridir. Məhz bu səbəbdən ŞƏT ölkələri ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır.
“Azərbaycanın əsas üstünlüyü onun müxtəlif beynəlxalq platformalarda paralel şəkildə fəal iştirak edə bilməsidir. Ölkəmiz bir tərəfdən Türk Dövlətləri Təşkilatında fəal rol oynayır, digər tərəfdən Avropa ilə əməkdaşlığı inkişaf etdirir, eyni zamanda, Çin və Mərkəzi Asiya dövlətləri ilə strateji əlaqələr qurur. Bu, Azərbaycanın xarici siyasətinin çoxvektorlu və praqmatik xarakterinin nümayişidir. Azərbaycanın beynəlxalq siyasətində əsas xətt hər hansı güc mərkəzinə qarşı mövqe tutmaq deyil, milli maraqlar əsasında müxtəlif tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlıq qurmaqdır. Belə ki, ərazi bütövlüyü və suverenliyini tam təmin etdikdən sonra ölkəmizin regional siyasətində yeni mərhələ yaranıb. Artıq Azərbaycan regional kommunikasiyaların təhlükəsizliyi, yeni nəqliyyat xətlərinin qurulması, enerji layihələrinin genişləndirilməsi və postmünaqişə ərazilərinin reinteqrasiyası məsələlərinə daha geniş geosiyasi çərçivədən yanaşır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri də Azərbaycanın regionun gələcək iqtisadi xəritəsinin formalaşmasında fəal rol oynadığını göstərir. Bu ərazilərin nəqliyyat infrastrukturu ilə Azərbaycanın digər regionlarına və beynəlxalq dəhlizlərə inteqrasiyası gələcəkdə ölkənin tranzit potensialını daha da artıracaq”, - deyə siyasi şərhçi bildirib.
Azərbaycanın “ŞƏT plyus” formatında iştirak etməsinin onun Avrasiya proseslərində artan rolunun göstəricisi olduğuna diqqət çəkən Nicat İsmayılov deyib: “Bu gün Azərbaycan Avrasiyanın siyasi xəritəsində sadəcə Cənubi Qafqaz dövlətlərindən biri deyil. Ölkəmiz Avropa ilə Asiya, Mərkəzi Asiya ilə Cənubi Qafqaz, Şimal ilə Cənub arasında əlaqələndirici funksiyası getdikcə güclənən mühüm geosiyasi mərkəzə çevrilib. ŞƏT ilə əməkdaşlıq isə bu prosesin mühüm istiqamətlərindən biridir. Azərbaycanın strateji üstünlüyü onun həm coğrafi mövqeyindən, həm enerji və nəqliyyat imkanlarından, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və praqmatik xarici siyasətdən qaynaqlanır. Ən əsası isə Azərbaycan artıq regional proseslərin yalnız iştirakçısı deyil, həmin proseslərin istiqamətinə təsir göstərə bilən dövlətlərdən biridir. Avrasiyada yeni bağlantı xəritəsi formalaşarkən Azərbaycan bu xəritənin kənarında deyil, mərkəzi bağlantı nöqtələrindən birində dayanır. Məhz buna görə də Azərbaycan-ŞƏT əməkdaşlığının gələcək inkişafı yalnız ikitərəfli və çoxtərəfli əlaqələrin genişlənməsi kimi deyil, Azərbaycanın Avrasiyanın yeni geoiqtisadi və geosiyasi arxitekturasında mövqeyinin daha da möhkəmlənməsi kimi qiymətləndirilməlidir”.