Siyasi şərhçi: Orta Dəhliz Azərbaycanın regional rolunu tamamilə yeni mərhələyə daşıyır
Bakı,1 sentyabr, AZƏRTAC
Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində son dövrdə baş verən dəyişikliklər Xəzərin qərb və şərq sahilləri arasında iqtisadi münasibətlərin, nəqliyyat və enerji əlaqələrinin vahid sistemə çevrilməsi baxımından mühüm proseslərin əsasını qoyur. Bu prosesdə Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, ölkəmiz ayrı-ayrı marşrutların iştirakçısı deyil, müxtəlif istiqamətləri bir-birinə bağlayan əsas qovşaqlardan biri kimi çıxış edir. Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin dərinləşməsi, eyni zamanda, Cənubi Qafqazın Avrasiyanın daha geniş iqtisadi məkanına inteqrasiyası üçün yeni imkanlar yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.
O bildirib ki, hazırda bu transformasiyanın mərkəzində Orta Dəhliz dayanır. Orta Dəhlizin əhəmiyyəti yalnız Çindən Avropaya alternativ yük marşrutunun formalaşdırılması ilə məhdudlaşmır. Əsas məsələ müxtəlif ölkələrin limanlarının, dəmir yollarının, avtomobil yollarının, logistika mərkəzlərinin və gömrük sistemlərinin vahid və daha səmərəli nəqliyyat zəncirində inteqrasiyasıdır. Azərbaycan bu zəncirin Xəzərdən sonrakı əsas həlqələrindən biridir. Bakı Beynəlxalq ticarət limanının genişləndirilməsi, dəmir yolu infrastrukturunun modernləşdirilməsi və Türkiyə üzərindən Avropa istiqamətində bağlantıların gücləndirilməsi ölkəmizin tranzit imkanlarını daha da artırır. Beləliklə, Azərbaycan yalnız yüklərin keçdiyi tranzit ərazi deyil, onların istiqamətləndirildiyi, emal olunduğu və müxtəlif nəqliyyat xətlərinə inteqrasiya edildiyi mühüm logistika mərkəzinə çevrilir.
“Növbəti mərhələdə bu imkanların enerji sahəsinə də daşınması xüsusi əhəmiyyət kəsb edəcək. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında formalaşdırılan Yaşıl Enerji Dəhlizi təşəbbüsü Mərkəzi Asiyanın böyük bərpaolunan enerji potensialının Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına çıxarılması baxımından mühüm perspektivlər açır. 2026-cı ildə layihənin texniki-iqtisadi əsaslandırılması üzrə işlərin aparılması təşəbbüsün artıq yalnız siyasi ideya səviyyəsində qalmadığını, praktiki planlaşdırma mərhələsinə keçdiyini göstərir. Qırğızıstanın bu təşəbbüsə qoşulması gələcəkdə enerji şəbəkəsinin coğrafiyasının daha da genişləndirilməsinə imkan yarada bilər. Orta Dəhlizlə enerji bağlantılarının paralel inkişafı perspektivdə Mərkəzi Asiya–Xəzər–Cənubi Qafqaz–Türkiyə xəttinin vahid geoiqtisadi məkan kimi formalaşmasına mühüm töhfə verə bilər. Bu prosesə investisiya, rəqəmsal bağlantılar, logistika və ticarətin də əlavə olunması region ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri daha da dərinləşdirəcək. Azərbaycan üçün bunun mühüm nəticəsi ondan ibarətdir ki, ölkəmizin strateji əhəmiyyəti artıq yalnız malik olduğu iqtisadi resurslarla deyil, regionlar arasında yaratdığı bağlantıların miqyası ilə də ölçüləcək. Nəqliyyat, enerji, investisiya və rəqəmsal infrastrukturun bir-birini tamamlaması Azərbaycanın regional iqtisadi sistemdəki rolunu keyfiyyətcə yeni mərhələyə çıxara bilər”, – deyə siyasi şərhçi əlavə edib.
ŞƏT ilə əməkdaşlığın bu strategiyanın mühüm istiqamətlərindən biri olduğunu deyən ekspert Azərbaycanın təşkilatda dialoq tərəfdaşı statusunun ölkəyə yeni imkanlar yaratdığını diqqətə çatdırıb. “Bu status üzv dövlətlərlə mövcud ikitərəfli münasibətlərə əlavə olaraq, çoxtərəfli platformada nəqliyyat, enerji, ticarət və təhlükəsizlik məsələlərini müzakirə etmək imkanı verir. ŞƏT-in geniş coğrafiyası Azərbaycan üçün Çin, Mərkəzi Asiya, Rusiya, İran və Cənubi Asiya bazarları ilə əlaqələrin daha sistemli şəkildə inkişaf etdirilməsi baxımından əlavə diplomatik və iqtisadi imkanlar yaradır. Bu baxımdan Azərbaycanın ŞƏT ilə əməkdaşlığı Mərkəzi Asiya istiqamətində həyata keçirilən siyasətin çoxtərəfli müstəvidə tamamlanmasına xidmət edə bilər. Bütün bu proseslər Azərbaycanın Mərkəzi Asiyadakı rolunun mahiyyətcə dəyişdiyini göstərir. Əgər əvvəlki mərhələdə ölkəmiz daha çox Mərkəzi Asiya ilə digər regionlar arasında əlaqə yaradan tərəf kimi çıxış edirdisə, hazırda onun funksiyası daha geniş məzmun qazanır. Başqa sözlə, Azərbaycan artıq yalnız Mərkəzi Asiyaya çıxışı olan ölkə deyil. Azərbaycan Mərkəzi Asiyanın Avropa və Aralıq dənizi iqtisadi məkanlarına çıxışını təmin edən əsas bağlantı mərkəzlərindən birinə çevrilmək potensialına malikdir. Orta Dəhlizin, enerji layihələrinin, investisiya və rəqəmsal bağlantıların inkişafı bu potensialın real iqtisadi gücə çevrilməsi üçün mühüm zəmin yaradır”, – deyən Rəşad Bayramov fikirlərini yekunlaşdırıb.
Müxbir - Səbinə Əlizadə