SKAD LAYİHƏSİ 2004-2006-CI İL ÜÇÜN İŞ PLANINI TƏQDİM EDİR
Nümayəndəlikdən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə Cənubi Qafqazda narkotiklərə nəzarət Proqramının milli əlaqələndiricisi Məzahir Əfəndiyev SKAD-3 layihəsi çərçivəsində görülən işlərə yekun vurmuş, 2004-2006-cı illərdə həyata keçiriləcək SKAD-4 layihəsi çərçivəsində Azərbaycan hökumətinin narkomaniya ilə mübarizə sahəsində aparacağı işlər, görəcəyi tədbirlərlə bağlı iş planını diqqətə çatdırmışdır. Onun sözlərinə görə, bu vaxta qədər SKAD Proqramı tərəfindən həyata keçirilmiş üç layihə çərçivəsində görülmüş bütün işlərə 900 000 ABŞ dolları məbləğində vəsait xərclənmişdir.
Proqramın milli əlaqələndiricisi jurnalistlərə məlumat verərək bildirmişdir ki, hər il olduğu kimi, bu il də fevralın 17-18-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində SKAD Proqramının Siyasi və Texniki İdarəetmə Komitələrinin iclası keçirilmişdir.
İclasda Cənubi Qafqazın hər üç subyektinin hökumət nümayəndələri, Avropa İttifaqının və BMT-nin İnkişaf Proqramının Bakı ofisinin əməkdaşları, SKAD Proqramının milli əlaqələndiriciləri iştirak etmişlər.
Tədbir iştirakçıları tərəfindən SKAD-3 layihəsi çərçivəsində görülən işlərə yekun vurulmuş, 2004-cü ildə SKAD-4 layihəsi üzrə Azərbaycan hökumətinin narkomaniya ilə mübarizə sahəsində aparacağı işlər, görəcəyi tədbirlər ilə bağlı iş planı müzakirə olunaraq təsdiq olunmuşdur.
Avropa Birliyi SKAD-4 layihəsinin həyata keçirilməsi üçün bütün regiona 2 milyon 200 min avro vəsait ayırmışdır.