Sloveniyada dövlət müstəqilliyinin 30-cu ildönümü qeyd edilib
Lyublyana, 26 iyun, AZƏRTAC
Sloveniyada dövlət müstəqilliyinin elan edilməsinin 30 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, 1991-ci il iyunun 25-də Sloveniya və Xorvatiya Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibindən çıxdıqlarını elan ediblər. Həmin ilin iyun ayının 26-da isə Sloveniya formal olaraq dövlət müstəqilliyini elan edib. Yuqoslaviyanın parçalanması istiqamətində ilk ciddi addımlardan biri olan bu hadisə rəsmi Belqradın hərbi reaksiyası ilə üzləşib. Tarixə on günlük müharibə adı ilə düşən qısamüddətli qarşıdurma Avropa İttifaqının (Aİ) səyləri ilə alınıb və keçmiş Yuqoslaviya dövlətləri içərisində Sloveniya yeganə dövlət kimi ağır müharibə yaşamadan dövlət müstəqilliyinə qovuşub.
2004-cü ildə Avropa İttifaqına üzv olan Sloveniya 2007-ci ildə Avrozona və Şengen məkanına daxil olub. Balkan ölkələri içərisində Aİ-yə inteqrasiyanı tam şəkildə başa çatdıran Sloveniya iyulun 1-də ikinci dəfə Aİ-yə sədrliyi qəbul edəcək.
Dövlət müstəqilliyinin elan edilməsi - Sloveniya Milli Günü münasibətilə Sloveniya Parlamentində rəsmi mərasim keçirilib. Mərasimdə Aİ Şurasının rəhbəri Şarl Mişel də daxil olmaqla bir sıra Avropa ölkələrinin rəsmiləri iştirak ediblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana