Sloveniyada Xocalı şəhidlərinin xatirəsi anılmışdır
Vyana, 20 fevral (AZƏRTAC). Sloveniyanın Nova Qoritsa şəhərində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı anma tədbiri və Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin illik iclası keçirilmişdir.
İclasda çıxış edən təşkilatın sədri İvan Başın cəmiyyətin 2011-ci ildəki fəaliyyəti ilə bağlı hesabat təqdim etmişdir. Hesabat məruzəsində ötən il ərzində görülmüş işlər, cəmiyyətin üzləşdiyi problemlər və gələcək fəaliyyətinə dair təkliflər öz əksini tapmışdır. İclasda iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı münasibətlərin qurulması və inkişaf etdirilməsi istiqamətində 2012-ci il üzrə fəaliyyət proqramı qəbul edilmişdir. Proqramda həm Sloveniyada, həm də Azərbaycanda iqtisadiyyat, təhsil, elm, mədəniyyət, turizm, idman və digər sahələri əhatə edən birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bunun üçün səfirlik tərəfindən bir sıra konkret layihələr də təklif edilmişdir.
İclasın rəsmi hissəsindən sonra Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Sloveniyanın müvəqqəti işlər vəkili Emil Həsənov tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında geniş məlumat vermişdir. Gələcəkdə oxşar cinayətlərin təkrar olunmaması və bunun qarşısının alınması məqsədi ilə Xocalı soyqırımına ədalətli siyasi-hüquqi qiymətin verilməsinin vacibliyi qeyd edilmişdir. Faciə barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclik Forumunun (DƏ-İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası haqqında tədbir iştirakçılarına məlumat verilmişdir.
Tədbirdə “Azərbaycan” Cəmiyyəti tərəfindən çəkilmiş Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş olunmuşdur. Tədbirin keçirildiyi Kromberk muzeyində isə Ermənistanın Azərbaycana qarşı təcavüzü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri haqqında materiallar paylanmışdır.
2010-cu ildə təsis edilmiş Dostluq Cəmiyyətinin üzvləri müxtəlif dövlət və ictimai təşkilatların nümayəndələri, iş adamları, alimlər, jurnalistlər və II Dünya müharibəsi veteranlarıdır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana