Sloveniyanın Bakıdakı fəxri konsulluğu və fəxri konsulu təqdim olunub
Noyabrın 13-də Sloveniyanın Bakıdakı fəxri konsulluğunun və fəxri konsulu Elnur Allahverdiyevin təqdim olunması ilə əlaqədar Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Sloveniyanın dövlət himnləri səsləndirildikdən sonra Sloveniyanın ölkəmizdəki səfiri Milan Yazbets çıxış edərək dövlətlərimiz arasındakı sıx tərəfdaşlıq əlaqələrindən danışıb, əməkdaşlığın daha da dərinləşdiriləcəyinə əminliyini bildirib.
Qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına töhfə verdiyini deyən M.Yazbets iki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Diplomat siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da genişlənməsinin məmnunluq doğurduğunu qeyd edib. Səfir Sloveniyanın Azərbaycan ilə xüsusilə kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişafına önəm verdiyini vurğulayıb.
Xarici İşlər Nazirliyinin Protokol İdarəsinin rəisi Pərvin Mirzəzadə nazirliyin kollektivi adından E.Allahverdiyevin fəxri konsul təyin olunması münasibətilə təbriklərini çatdırıb. Yeni təyinatın Azərbaycan ilə Sloveniya arasında əlaqələrin inkişafına xidmət edəcəyini bildirən P.Mirzəzadə ölkələrimizi dostluq, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin birləşdirdiyini diqqətə çatdırıb.
Fəxri konsul E.Allahverdiyev ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.