“SOCAR-Azərbaycan” klubu Avropa kubokunda gümüş medal qazanıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə klublar arasında Avropa Kuboku uğrunda mübarizəyə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son turda ölkəmizin “SOCAR-Azərbaycan” klubu Rusiyanın “Mednıy Vsadnik” kollektivi ilə heç-heçə oynayıb - 3:3.
Digər təmsilçimiz “Odlar Yurdu” Rusiyanın “Naşe naslediye” klubuna uduzub - 2.5:3.5.
Yeddi turdan sonra 13 xal toplayan “Sibir” klubu ilk dəfə Avropa kubokunun qalibi olub. Turnirin ötənilki qalibi “SOCAR-Azərbaycan” 11 xalla ikinci yeri tutub və gümüş medala layiq görülüb. Gənc şahmatçılardan ibarət “Odlar Yurdu” yarışı 13-cü pillədə başa vurub.
“SOCAR-Azərbaycan”ın şahmatçısı Maykl Adams dördüncü lövhədə 5 xal toplamaqla, ən yaxşı ikinci yerin sahibi kimi xüsusi mükafat qazanıb.