Soçidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
Bakı, 28 dekabr, AZƏRTAC
Rusiyanın Soçi şəhərində yerləşən Gənclər evində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram şənliyi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Dostluq” Azərbaycan Həmvətənlərə Dəstək Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə bu şəhərdə yaşayan soydaşlarımız və onların övladları iştirak ediblər.
Tədbirdə çıxış edən mərkəzin sədri İlqar Səlimov soydaşlarımızı bayram münasibətilə təbrik edib. O, bu əlamətdar günün tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, 1991-ci ilin dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib.
Tədbirin əyləncəli hissəsində uşaqların qonağı Şaxta baba və Qar qız olub. Soydaşlarımızın övladları doğma dilimizdə şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər.
Tədbir çərçivəsində soydaşlarımız və övladları kamera qarşısına keçərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib və xoş arzularını bildiriblər.