Soltan Məmmədov: Ermənistanın yürütdüyü siyasət etimadın qurulmasına xidmət etmir
Bakı, 11 yanvar, AZƏRTAC
Azərbaycanın regionda həyata keçirdiyi siyasətin əsas hədəfi davamlı sülhün, təhlükəsizliyin və bölgədə yaşayan bütün xalqlar üçün yaxşı həyat şəraitinin təmin edilməsinə yönəlib. Təəssüf ki, bəzi dövlətlər müasir çağırışları, region xalqlarının ehtiyaclarını, arzularını obyektiv qiymətləndirə bilmirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat bildirib ki, Ermənistanın son illərdə yürütdüyü siyasət iki ölkə arasında etimadın yaradılmasına və inkişafına xidmət etmir. Əksinə, gərginlik üçün yeni mənbələr yaratmağa, sülh müqaviləsinin imzalanmasını mümkün qədər uzatmağa istiqamətlənib.
Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsində ölkəmizin Cənubi Qafqazda sabitliyin təmin olunmasına yönəlmiş siyasətinin əsas prinsip və istiqamətlərini bir daha açıqladığını vurğulayan deputat qeyd edib ki, dünyada gedən mürəkkəb proseslər sülhün və əməkdaşlığı əhəmiyyətini artırır. Bildirilib ki, bölgədə maraqları olan böyük güclər də öz imkanlarını daha çox sabitliyin təmin olunmasına töhfə verməyə səfərbər etməlidir. “Təəssüf ki, bəzi ölkələrin siyasətində biz bunun tam əksini müşahidə edirik. Fransa belə ölkələrin sırasında ilk yerlərdə dayanır. Prezidentin də vurğuladığı kimi, Fransanın Azərbaycana qarşı qeyri-adekvat münasibətinin səbəbləri barədə aydın və məntiqli izah tapmaq çox çətindir. Biz hər zaman əməkdaşlığa, qarşılıqlı etimada əsaslanan münasibətlərin tərəfdarı olmuşuq və bunu konkret fəaliyyətimizlə nümayiş etdirmişik. Hesab edirəm ki, Fransanın indiki hökumətinin mövqeyi anlaşılmaz olmaqla yanaşı, həm də zərərlidir. Çünki nə region xalqlarının maraqlarına, nə də Fransanın öz milli mənafelərinə cavab verir. Hər halda bu, onların öz seçimidir”, - deyə S.Məmmədov vurğulayıb.
Soltan Məmmədov diqqətə çatdırıb ki, dünyanın iqtisadi və müəyyən mənada həm də siyasi xəritəsini dəyişən qlobal hadisələr yeni reallıqlar yaradır. Bu reallıqlar beynəlxalq münasibətlərin xarakterində də ciddi dəyişikliklərə səbəb olur. Bu baxımdan Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul edilməsi milli maraqlarımızı daha inamla və qətiyyətlə qorumağa imkan verir. “Azərbaycan iqtisadi, hərbi imkanlarına görə regionun ən güclü dövlətidir. Bu gücü artıran əsas amillərdən biri bizim ölkəmizin Prezidentin rəhbərliyi altında yürütdüyü müstəqil xarici siyasətdir. Biz öz maraqlarımızın cizgilərini qorumağı bacarırıq və bütün tərəfdaşlarımızdan hörmət gözləyirik. Hesab edirəm ki, Fransa həm Cənubi Qafqazda, həm də ümumilikdə bütün dünyada baş verən prosesləri dəqiq qiymətləndirəcəyi təqdirdə Azərbaycanın rolunu daha düzgün hesablaya bilər”, - deyə deputat əlavə edib.
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik olacağını qeyd edən deputat deyib ki, prosesin yubadılması cəhdləri rəsmi İrəvan üçün daha böyük problemlərə səbəb ola bilər. S.Məmmədov xatırladıb ki, İkinci Qarabağ müharibəsindən əvvəl də Ermənistan müxtəlif spekulyasiyalarla danışıqlar prosesini uzatmaq və məsələnin həllini təxirə salmaq taktikasını seçmişdi. Bu gün baş verən proseslər, sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe bu ölkənin öz səhvini təkrarlamaqda olduğunu göstərir.