SON ONİLLİKDƏ JURNALİSTLƏR ÜÇÜN ƏN TƏHLÜKƏLİ İL ARXADA QALDI
Təşkilatın illik hesabatında deyilir ki, ötən il son 10 ildə jurnalistlər üçün ən təhlükəli olmuşdur. Daha çox jurnalist - 24 reportyor və onların 5 köməkçisi İraqda həlak olmuşdur. Jurnalistlər təkcə terror aktları, yaraqlıların hücumu və atışma zamanı deyil, həm də Amerika əsgərləri tərəfindən öldürülmüşlər. Artıq üç ildir İraq planetimizdə ən təhlükəli ərazi sayılır.
Təşkilatın fikrincə, digər daha təhlükəli ərazilər Yaxın Şərq və Asiyadır. Ötən il bu regionda ümumən 17 jurnalist həlak olmuşdur. Söz azadlığı üçün ən təhlükəli yerlərdən biri də Livan olmuşdur. Burada mətbuata təzyiq, jurnalistlərə hücum və onların qətlə yetirilməsi halları çoxalmışdır.
Afrikada da vəziyyət pisləşmişdir. Konqo, Syerra-Leone və Somalidə 5 jurnalist öldürülmüş, bütün bu cinayətlər cəzasız qalmışdır. Meksikada jurnalistlər narkobaronların cinayətlərini araşdırmağa çalışdıqları üçün həlak olurlar.
Hesabatda bildirilir ki, Tunis və İranda internet şəbəkəsi bütünlüklə dövlətin nəzarətindədir. İnternetin düşmənləri siyahısına Kuba, İran, KXDR, Belarus, Türkmənistan və Özbəkistanın da adları salınmışdır.
Asiya regionunun bəzi ölkələrində təkcə jurnalistlər deyil, kiberdissidentlər də (İnternetdə dövləti tənqid edənlər nəzərdə tutulur) təqiblərə məruz qalırlar. Bu il yanvarın 1-nə olan məlumata görə, 23 ölkədə 126 jurnalist azadlıqdan məhrum edilmişdir.