SOSİAL OBYEKTLƏRİN ÖZƏLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI ZƏRURİ TƏDBİRLƏRİN HƏYATA KEÇİRİLMƏSİNƏ BAŞLANMIŞDIR
Bu məqsədlə özəlləşdirməyə açıq elan edilmiş müəssisə və obyektlərin dövlətsizləşdirilməsinə hazırlıq işlərinin yerinə yetirilməsi ilə bağlı tədbirlər planı tərtib olunmuşdur. Bu tədbirlər sırasına özəlləşdirməyə açıq elan edilmiş müəssisələr haqqında zəruri məlumatların toplanması, müəssisənin və onun ayrıca yerləşən struktur bölmələrinin baş planı, müəssisələrin təsərrüfat fəaliyyətinin xarakteristikası və əsas göstəricilərini əhatə edən sənədlərin əldə olunması, müvafiq təkliflərin hazırlanması və s. daxildir. Həmçinin, özəlləşdirməyə açılmış müəssisələrdə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirmə komissiyalarının yaradılması ilə bağlı da müvafiq tədbirlər görülməkdədir.
Özəlləşdirilmək üçün açıq elan edilmiş müəssisə və təşkilatlarda əmlakın qorunub saxlanılması, onlardan səmərəli istifadə olunması, daşınar və daşınmaz əmlakın qeyri-qanuni istifadəyə və ya icarəyə verilməsi hallarının aradan qaldırılması, eləcə də onların yerləşdiyi torpaq sahələrindən təyinatı üzrə səmərəli istifadə olunması və ərazilərində qanunsuz tikililərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər görülmüşdür.
Bununla yanaşı, komitənin əməkdaşları özəlləşdiriləcək müəssisə və obyektlərin əmlakının inventarlaşdırılması, bu qurumların dövlətsizləşdirilməsinin forma və üsullarının mövcud qanunvericilik çərçivəsində müəyyən edilməsi istiqamətində də zəruri işlər görürlər.
Özəlləşdirməyə açıq elan edilmiş müəssisələrdə əmək kollektivi üzvlərinin hüquq və mənafelərinin qorunması, onların iş yerlərinin saxlanılması, müəssisələrin özəlləşdirilməyə hazırlanması dövründə iş ahənginin pozulmamasının təmin olunması məqsədi ilə də aidiyyəti qurumlara və müəssisələrə məktublar göndərilmişdir.
Ölkəmizin başçısının Sərəncamı ilə özəlləşdirilməyə açılmış müəssisələrin dövlətsizləşdirilməsində xarici investorların iştirakının təmin olunması və investisiyaların cəlb edilməsi istiqamətində də müvafiq işlərin həyata keçirilməsinə başlanmışdır.