Sosial sığorta haqları üzrə daxilolmalar 9,4 faiz artıb
Bakı, 11 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,8 milyard manata yaxın olub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu mənbədən daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz və ya 237,3 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq 1,8 milyard manatdan çox olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz artaraq 100 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,7 faiz artaraq 74,6 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 7,7 faiz artaraq 486,8 milyon manata çatıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 8,3 faiz artaraq 340,6 milyon manatdan çox olub.