Soyqırımı qurbanlarının xatirəsi heç zaman unudulmayacaqdır
Bərdə, 31 mart (AZƏRTAC). Bərdə Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında 31 mart soyqırımı qurbanlarının xatirəsi anılmışdır.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı fəallarının, hüquq mühafizə orqanları əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə “31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda kitab sərgisi nümayiş olunmuşdur.
Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya erməni millətçilərinin tarixi Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq məqsədi ilə XX əsrdə xalqımıza qarşı apardıqları təcavüzkar siyasətdən, törədilən faciələrdən, terror aktlarından danışmışdır.
Çıxışlarda 1918-ci ilin martında Bakıda və ətraf ərazilərdə baş vermiş faciələr bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirilmişdir. Bildirilmişdir ki, soyqırımı qurbanlarının xatirəsi heç zaman unudulmayacaqdır.
Yığıncaqda xalqımızın məruz qaldığı faciələrin dünya ictimaiyyətinə çatdırılması və bu hadisələrə siyasi-hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs olunmuş, hazırda bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanmışdır.
Tədbir məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]