DÜNYA
“SpaceX” internet peyklərinin yeni qrupunu orbitə çıxarıb
Bakı, 12 noyabr, AZƏRTAC
“SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan növbəti 24 ədəd “Starlink” peykini orbitə çıxarıb.
AZƏRTAC xəbər verir ki, daşıyıcı raket noyabrın 11-də ABŞ-ın Şərq sahili vaxtı ilə saat 16:28-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Floridadakı Kanaveral burnunda yerləşən bazasından start götürüb. Raketin 12-ci dəfə istifadə olunan birinci pilləsi Atlantik okeandakı platformaya şaquli eniş edib.
“SpaceX” 2019-cu ildən bəri kosmik fəzaya ümumilikdə 7,2 mindən çox peyk buraxıb. Hazırda onların 6,6 mindən çoxu işlək vəziyyətdədir.
Şirkətin qlobal layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 72 ölkəsində istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın minipeyk çıxarmağı hədəfləyir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq.