SSRİ XALQ ARTİSTİ FİRƏNGİZ ƏHMƏDOVANIN YUBİLEYİ QEYD EDİLMİŞDİR
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında SSRİ xalq artisti, istər milli və rus, istərsə də Qərbi Avropa bəstəkarlarının operalarında uğurla çıxış edən görkəmli müğənni Firəngiz Əhmədovanın anadan olmasının 80 illik yubileyi qeyd edilmişdir.
Teatrın direktoru Akif Məlikov yubilyarı təbrik etmiş, onun yaradıcılıq yolunun bəzi məqamlarından söz açmışdır. Bildirmişdir ki, lirik-dramatik soprano səs tembrinə malik müğənni 1950-1970-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində uğurla çıxış etmişdir. O, Üzeyir Hacıbəyovun “Koroğlu” operasında Nigar, Müslüm Maqomayevin “Şah İsmayıl”ında Gülzar, “Nərgiz”də Nərgiz, F.Əmirovun “Sevil”ində Sevil və başqa partiyaların mahir ifaçılarından olmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, xalq artistləri - Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova yubilyarı təbrik etmişlər. Natiqlər vurğulamışlar ki, F.Əhmədova həm də kamera-vokal janrında əsərlər ifa etmişdir. Onun ifasında Ü.Hacıbəyovun “Sənsiz”, Asəf Zeynallının ”Ölkəm”, Niyazinin “Arzu”, Əşrəf Abbasovun “Heyran olmuşam”, Ağabacı Rzayevanın “Oxu, gözəl” və başqa romansları dinləyicilər yaxşı xatırlayırlar. Opera tamaşalarında musiqimizin korifeyləri Bülbül, Müslüm Maqomayev, Rauf Atakişiyev və başqaları ilə tərəf-müqabil olmuş F.Əhmədova SSRİ-nin respublikalarında və bir sıra Avropa ölkələrində - Çexoslovakiyanın Praqa, Bratislava, Polşanın Varşava, Bolqarıstanın Sofiya, Rumıniyanın Buxarest şəhərlərində qastrol səfərlərində uğurla çıxış etmişdir.
Xatırladılmışdır ki, F.Əhmədovanın yaradıcılıq uğurları yuksək qiymətləndirilmiş, o, müxtəlif adlara, orden və medallara layiq görülmüşdür. Ulu öndərimiz Heydər Əliyev isə 70 illik yubileyi münasibətilə onu “Şöhrət” ordeni ilə təltif etmişdir.
F.Əhmədova ona göstərilən diqqətə görə tədbir iştirakçılarına minnətdarlığını bildirmiş, sənətdə uğur qazanmaq üçün gənclərə yorulmadan çalışmağı tövsiyə etmişdir.