İDMAN
Stolüstü tennis üzrə Avropa miqyaslı yarışlardan biri Azərbaycanda keçirilə bilər
Bakı, 18 sentyabr, AZƏRTAC
“Ümid edirəm ki, yaxın gələcəkdə stolüstü tennis üzrə Avropa miqyaslı yarışlardan biri Azərbaycanda təşkil olunacaq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Avropa Stolüstü Tennis Birliyinin (ASTB) icraçı prezidenti Pedro Migel Moura deyib.
Azərbaycan Stolüstü Tennis Federasiyasının dəvəti ilə Bakıda olan qurum rəhbəri səfərdən məmnunluğunu dilə gətirib: “Burada məni çox yaxşı qarşıladılar. Mehriban münasibətə və qonaqpərvərliyə görə Azərbaycan Stolüstü Tennis Federasiyasına təşəkkürümü bildirirəm. Portuqaliyalı olduğumu nəzərə alsaq, Bakı bizim üçün əlamətdar şəhərlərdən biridir. Paytaxtınızda keçirilən ilk Avropa Oyunlarında məhz Vətənim Portuqaliyanın stolüstü tennis üzrə seçmə komandası qələbə qazanmışdı. Azərbaycanda bu idman növünün səviyyəsini yüksək qiymətləndirərdim. İdmançılarınızın beynəlxalq yarışlarda göstərdiyi nəticələr belə deməyə əsas verir. Onlara yaradılan şərait isə gələcəkdə daha böyük nailiyyətlərə yol açacaq. Təsadüfi deyil ki, Avropanın ən istedadlı stolüstü tennisçiləri arasında Azərbaycan idmançıları da yer alır. Onların perspektivini yüksək qiymətləndirirəm”.
Ali idman qurumunun rəhbəri yaxın gələcəkdə qitə miqyaslı yarışlardan birinin Azərbaycanda təşkilinin tərəfdarı olduğunu da bildirib: “Yerli federasiyanın fəaliyyət strategiyası Avropa səviyyəsinə uyğun olduğundan qarşılıqlı əməkdaşlığımızın perspektivini uğurlu görürəm. Ümid edirəm ki, yaxın gələcəkdə qitə miqyaslı yarışlarımızdan biri də məhz Azərbaycanda təşkil olunacaq”.