Strasburqda gənclərin demokratiyanın inkişafındakı rolunun artırılması yolları araşdırılır
Noyabrın 3-də Strasburqda Dünya Demokratiya Forumu (DDF) öz işinə başlayıb. Forumda dünyanın 80 ölkəsindən 1200 nəfərədək nümayəndə iştirak edir. DDF-yə Avropada demokratik dəyərlərin, qarşılıqlı anlaşmanın, sülhün bərqərar olmasının başlıca təsir vasitələrindən və dayaqlarından biri kimi yanaşan AŞPA bu tədbirdə iştirak etmək və aparılacaq müzakirələrin daha sanballı və konstruktiv alınmasını təmin etmək məqsədilə ayrıca komitə yaradıb. AŞPA prezidentinin rəhbərlik etdiyi həmin xüsusi komitəyə Assambleyanın 8 daimi komitəsindən 37 deputat daxildir. Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov də həmin komitənin üzvləri arasındadır.
Açılış mərasimindən sonra ilk plenar iclası keçirilib. DDF işini 20 “dəyirmi masa”da davam etdirəcək.
AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deputat Rafael Hüseynov deyib ki, budəfəki forumun əsas məqsədlərindən biri müxtəlif ölkələrdəki gənc nəsilləri demokratik gedişata bir qədər də sistemli şəkildə cəlb etmək, demokratik proseslərdə onların fəallığının yüksəldilməsinə nail olmaq, gənclərin dünyada demokratiyanın inkişafındakı rolunun daha da artırılmasının yeni yollarını axtarmaq, onların demokratiyanın inkişafına verə biləcəkləri töhfələrin hüdudlarını müəyyənləşdirməkdir. Bununla əlaqədar, “dəyirmi masa”larda “Gənc insanlar qlobal dəyişikliklərin əsas icraçılarıdır”, “Gənc demokratiya qurucuları”, “Ümumdünya zirvə toplantılarında gənclik”, “Gənclərin seçki proseslərində iştirakı” və digər vacib istiqamətlərdə fikir mübadiləsi aparılacaq.
R.Hüseynovun forumun kütləvi informasiya vasitələri və insan haqları ilə bağlı keçiriləcək müzakirələrdə çıxışı nəzərdə tutulub.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris