Strasburqda Respublika Günü və diplomatik orqanların 100 illiyi qeyd olunub
Paris, 29 may, AZƏRTAC
Strasburqda Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə 28 May - Respublika Günü və diplomatik orqanların yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Avropa Şurasının rəsmiləri, eləcə də qurumun baş katibinin müavini Qabriella Battaini-Draqoni və Avropa İnsan Hüquqları Məhkəməsini sədri Linos-Aleksandr Sisilianos, Strasburqdakı diplomatik korpusun nümayəndələri, habelə yerli hakimiyyət orqanları, elmi, ictimai dairələr və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlamış tədbirdə ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Fəxrəddin İsmayılov çıxış edib. O, 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Demokratik Respublikasının (ADR) xalqımızın tarixindəki mühüm yerindən danışıb. Müsəlman Şərqində ilk dünyəvi parlamentli Respublika kimi onun əvəzsiz mirasının hər bir Azərbaycanlı üçün fəxr mənbəyi olduğu vurğulanıb. Qısa müddətdə fəaliyyət göstərmiş ADR-in çoxsaylı nailiyyətləri arasında qadınlara səsvermə hüququnun verildiyi iştirakçıların diqqətinə çatdırılıb.
F. İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında müstəqil, müasir və demokratik Azərbaycanın ADR-in əsaslandığı prinsip və ideallara sadiq qaldığını bəyan edib və bu yolda usanmadan irəlilədiyini vurğulayıb.
O, Azərbaycan diplomatik xidmət orqanlarının tarixinə nəzər salaraq, 100 illiyini qeyd edən Azərbaycan diplomatiyasının qarşısında duran məqsədlər haqqında məlumat verib. Təsis edildiyi ilk illərdə olduğu kimi, hazırda da Azərbaycan diplomatiyasının ölkəmizin müstəqilliyi və suverenliyinin möhkəmlənməsi, eləcə də regionumuzda davamlı sülhə nail olmağa çalışdığı bildirilib. F. İsmayılov müasir diplomatiyamızın üzərinə götürdüyü taleyüklü missiyaların öhdəsindən uğurla gələcəyinə əminliyini ifadə edib.
Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoni təmsil etdiyi təşkilat ilə Azərbaycan arasındakı əməkdaşlığa dair fikirlərini bölüşüb. O, Azərbaycan Respublikasının Avropa Şurasına üzvlükdən bəhrələndiyi kimi, onun təşkilatın fəaliyyətinə əhəmiyyətli töhfə verdiyini söyləyib. Qeyd edib ki, Azərbaycan rəhbərliyinin dinlər və mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi davamlı dəstəyi təqdir edir. Q. Battaini-Draqoni Avropa Şurası perspektivində bu dialoqun demokratiya və insan haqlarına hörmətin təşviqi kontekstində qarşılıqlı anlaşmanın əhəmiyyətini çatdırdığını bildirib. O, bütün azərbaycanlıları Respublika Günü münasibətilə təbrik edib.
Tədbir Prezident mükafatı laureatı və Prezident təqaüdçüsü, Azərbaycanın gənc istedadlı pianoçusu Nərmin Nəcəflinin ifasında konsert proqramı ilə davam edib. Onun ifadə etdiyi Azərbaycan və Avropa bəstəkarlarının əsərləri iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris