“Sumqayıt” futbol üzrə Azərbaycan kubokunun yarımfinalına yüksələn ikinci komanda olub
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin ikinci görüşündə “Sumqayıt” və “Neftçi” klubları arasında cavab qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, komandalar arasında ilk görüşdə “Sumqayıt” 2:0 hesabı ilə qalib gəldiyindən cavab görüşünün gərgin idman mübarizəsi şəraitində keçəcəyi gözlənilirdi. “Kapital Bank Arena”da oynanılan cavab matçında ilk dəqiqələrdən irəli atılan “flaqman” rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, hesabı 43-cü dəqiqədə aça bilib. Künc ötürməsindən sonra rəqibin cərimə meydançasında yaranan qarışıqlıqdan istifadə edən Namiq Ələsgərov qapını dəqiq nişan alıb - 0:1. Fasilədən sonra paytaxt təmsilçisi təzyiqi artırsa da, hesab dəyişməyib.
Beləliklə, “Neftçi” komandası cavab qarşılaşmasında minimal hesabla qalib gəlməsinə baxmayaraq, iki oyunun yekununda 1:2 hesabı ilə məğlub olduğundan Azərbaycan kubokunun dörddəbir finalında mübarizəni dayandırıb. “Sumqayıt” klubu “Zirə”nin ardından yarımfinala yüksələn ikinci komanda olub.
Azərbaycan kubokunun dörddəbir final mərhələsinin dekabrın 20-də keçiriləcək digər iki oyununda “Sabah” ilə “Qəbələ” və “Keşlə” ilə “Qarabağ” komandaları üz-üzə gələcəklər.