Sumqayıt gəncləri şəhid və qazi övladlarını sevindiriblər
Sumqayıt, 19 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə şəhid və qazi ailələrinin övladları üçün bayram şənliyi təşkil olunub. Tədbirdə Milli Məclisin deputatı Müşfiq Məmmədli, Baş İdarənin rəisi Elgün Hümbətov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, Sumqayıtdakı Heydər Əliyev Mərkəzində reallaşan tədbir Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Yeniyetmə və gənclərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.
Çıxışlarda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açılıb, şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində saxlanıldığını, onların problemlərinin həlli istiqamətində mühüm addımlar atıldığını bildirilib.
Tədbirdə şəhid və qazi övladlarından ibarət "Əmanət" xor kollektivinin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.
Novruz personajları olan Kosa və Keçəlin sərgüzəştləri, “Günəşim” kukla teatrının “Balıqçı pişik” tamaşası, gənc musiqiçilərin ifaları alqışlarla qarşılanıb.
Sonda iştirakçılara bayram hədiyyələri təqdim edilib.